05.05.2023

Cəlilabad məktəblilərindən ibarət komanda üçüncü yerə layiq görülüb.

Dövlət Sərhəd Xidmətinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planı əsasında hər il təşkil olunan “Sərhəd” hərbi-idman oyunları başa çatıb.

 

Mayın 4-də Dövlət Sərhəd Xidmətinin “Lənkəran” sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilib.

 

Final mərhələsinin yekunlarına görə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu internat məktəbinin “Xətailər” komandası birinci, İmişli rayonu Qızılkənd kənd tam orta məktəbinin “Turan” komandası ikinci, Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası isə üçüncü yeri tutub.

 

Oyununun final mərhələsində komandalar “Sərhəd pozucusunun yaхalanması və onun təхliyə edilməsi”, “Ləpirçilik”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təхliyə olunması”, “Avtomatın sökülməsi və yığılması”, “Tüfəngdən hədəfə atəş açmaq” və “Sıra hazırlığı” üzrə öz bilik və bacarıqlarını nümayiş еtdiriblər.

 

Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər sərhədçilərin xidməti və məişət şəraiti ilə tanış olub, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil edilib, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları keçirilib.

 

Tədbirdə qaliblər kubok, medal, diplom və qiymətli hədiyyələrlə, oyunlarda fəal iştirak etmiş komandalar isə həvəsləndirici hədiyyələrlə mükafatlandırılıb.


Açar sözlər: