Aprelin 28-də Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman Nazirliyinin, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Sərhəd” hərbi-idman oyunlarının “Lənkəran” sərhəd dəstəsində final mərhələsinin təntənəli açılış mərasimi keçirilib.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin və Lənkəran Regional Mədəniyyət İdarəsinin nümayəndələri çıxışlarında belə tədbirlərin məktəblilərin hərbi-fiziki hazırlığının inkişaf etdirilməsi, Vətəninə, xalqına sadiq, sağlam düşüncəli gənclərin yetişdirilməsi, onların sərhədçi peşəsinə maraqlarının artırılması və hərtərəfli formalaşmalarında əhəmiyyətli rolunu qeyd ediblər.
Respublikamızın 35 rayonundan 161 məktəbin 805 şagirdinin iştirak etdiyi yarışın 1-ci və 2-ci mərhələləri yekunlaşmış, gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsinə Mingəçevir şəhərindən “Qartal”, Lənkəran şəhərindən “Üfüq”, Neftçala şəhərindən “Sərhədçi”, İmişli rayonundan “Turan”, Cəlilabad rayonundan “Ləkin”, Ağstafa rayonundan “Sərhədçi”, Ordubad rayonunun “Xətailər”, Şəmkir rayonundan “Mübarizlər”, Qusar rayonundan “Zeyxur”, Qax rayonundan “Zəfər” və Oğuz rayonunun “Oğuz-3” komandandaları olmaqla, ümumilikdə 11 komanda vəsiqə qazanıb.
“Lənkəran” sərhəd dəstəsində davam edən oyunların final mərhələsi may ayının 4-dək davam edəcəkdir.
Bu müddətdə iştirakçılar sərhədçilərin xidməti fəaliyyəti, məişət şəraiti ilə tanış olacaq, ekskursiyalarda, mədəni-kütləvi tədbirlərdə, hərbi, bilik və idman yarışlarında iştirak edəcəklər.