Mayın 4-də Lənkəran şəhər T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin akt zalında Lənkəran-Astara Regional Təhsil İdarəsinə müdir təyin olunan Elxan Nəcəfov Regional Təhsil İdarəsinin kollektivinə təqdim olunub.
Təqdimat mərasimində Təhsil nazirinin müavini İdris İsayev, Təhsil Nazirliyinin nümayəndəsi Avaz Yusifov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında yerləşən abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar. Sonra tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Təqdimatda Təhsil nazirinin müavini İdris İsayev çıxış edərək Elxan Nəcəfovu təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Regional Təhsil İdarəsi Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli müvafiq sərəncamı ilə rayon və şəhər təhsil şöbələrinin (idarələrin) əsasında 12 regional təhsil idarəsi yaradılıb. Həmçinin, dövlət başçısının rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən islahatlardan, təhsil sahəsində görulən işlər barədə və məktəbəqədər təhsilin təşkili barədə danışıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında yeni təyin olunan Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdirini Elxan Nəcəfovu təbrik edərək, kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov ona göstərilən yüksək etimada görə Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Təhsil naziri cənab Emin Əmrullayeva təşəkkürünü bildirib.
Elxan Nəcəfov çıxışında kollektiv və pedaqoji heyyət adından öhdəliyimizə düşən vəzifələri və öhdəlikləri uğurla icrasına əminliyini bildirib.
Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi Lənkəran şəhər, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayon təhsil şöbələrinin əsasında yaradılıb.