22.04.2022

Azərbaycan və Qırğızıstan arasında əlaqələr möhkəmlənir

Azərbaycanı güclü dövlət edən səbəblərdən biri məhz Azərbaycanın xarici siyasətidir. Gənc dövlətin inkişaf yoluna nəzər yetirsək görərik ki, Azərbaycan artan templə xarici dövlətlər, xarici təşkilatlarla bir sıra əlaqələr qurur. Bu əlaqələrin hər biri məhz Azərbaycan inkişafına yönəlmişdir.

Vətən müharibəsi dövrünə nəzər yetirsək görərik ki, bizə dəstək olan ölkələrlə Azərbaycanın sıx əlaqələri mövcuddur. Bu da bizə müharibə dövründə əlavə siyasi güc qatmış oldu. Bir sıra ölkələrlə etdiyimiz anlaşmalar sayəsində Azərbaycan ən müasir silahlarla təmin olunmuşdu. Bu silahlar isə ermənilərin başına od ələmişdir.

Müharibədən sonrakı dövrə nəzər yetirsək Azərbaycan bir sıra xarici dövlətlərlə qarşılıqlı əlaqələr qurur, müqavilələr imzalayır. Sözsüz ki, bütün bunlar Azərbaycana beynəlxalq arenada tərəfdaşlar qazandırır. Bundan başqa iqtisadiyyatı daha da inkişaf etdirməyə kömək edir.

Azərbaycan və Qırğızıstan arasında əlaqələrin daha da möhkəmləndirilməsi ilə əlaqədar Qırğız Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir.

Dövlətlərarası Şuranın gündəliyində təkcə ikitərəfli əlaqələr deyil, eyni zamanda beynəlxalq və regional məsələlər də müzakirə edilmişdir. Beynəlxalq və regional problemlərin mütəmadi müzakirəsi bu əməkdaşlığın səmərəliliyini artırır.

Qırğızıstan və Azərbaycan hər zaman beynəlxalq arenalarda bir biri ilə tərəfdaşdır. Buna misal olaraq göstərə bilərik ki, Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə bir-birini dəstəkləyir.

Son dövrlərdə Azərbaycanda yüklərin şimal, cənub və qərbə göndərilməsi üçün əlverişli şərait yaradılmışdır. Azərbaycan Qırğızıstan üçün liman infrastrukturu hər daim açıqdır.

Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi vardır. Qeyd olunan istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac vardır.

Azərbaycan və Qırğızıstan arasında eyni zamanda kənd təsərrüfatının inkişafı ilə əlaqədar işlər aparılacaqdır. Bu məqsədlə Azərbaycandan nümayəndə heyəti yaxın vaxtlarda Qırğızıstana səfər edəcək. Azərbaycan və Qırğızıstan arasında əlaqələr hərtərəfli şəkildə inkişaf etməkdədir.