24.09.2021

27 Sentyabr-Vətən müharibəsi qəhrəmanlarının “Anım Günü”

Əzəli Azərbaycan torpaqlarına köçürüldükləri gündən etibarən bizlərə qarşı düşmən mövqeyində duran ermənilər, əllərinə keçən hər fürsətdə öz mənfur siyasətlərini həyata keçirməyə çalışdılar. Bizlərə qarşı törətdikləri qırğın və soyqırımların sayı hesabı yoxdur. Dağlıq Qarabağ ərazisini mənimsəmək və onu Azərbaycandan ayırmaq isə ilk məqsədləri idi. Dəfələrlə azərbaycanlıları öz dədə baba yurdlarından deportasiya etdilər.

90-cı illərdə Respublika hakimiyyətində yaranmış hərc-mərclikdən istifadə edərək nəhayət ki, öz məqsədlərinə çatdılar. Dağlıq Qarabağ və ona bitişik 7 rayonu, ümümilikdə Azərbaycan ərazisinin 20%-ni işğal etdilər. Təxmini bu 30 il ərzində aparılan bütün danışıqlar nəticəsiz qaldı. Paşinyanın hakimiyyətə gəlməsi ilə isə tamamilə zəncirlər qırıldı. Onun istehzalı çıxışları xalqımızın səbir kasasını daşırdı. İyul döyüşləri xalqımızı Dəmir Yumruq kimi birləşdirdi. Xalq iqtidar birliyi düşmənin nəfəsini kəsdi.Beləliklə, 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi adlandırılan II Qarabağ savaşı başladı.

Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı işinin nəticəsində qələbə bizimlə oldu. Müharibə zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətdi.

Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutuldu. Gəncə, Bərdə terrorları buna misaldır. Prezident çıxışında Tərtər şəhərini 2-ci Dünya müharibəsi dövründəki Stalinqrad şəhərinə bənzətdi. 44 gün ərzində ordumuzun əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxararaq onu fakti­ki olaraq iflic vəziyyətinə gətirdik.

Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanın­da əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu rüsvayçı şəkildə silahlarını atıb döyüş meydanından qaçdı. Ordumuz düşmənin yüzlərlə hərbi texnikasını qənimət kimi götürmüş və bu texnikalar paytaxtımızda keçirilən möhtəşəm hərbi paradda sərgilənmişdir.

Beləliklə, 2020-ci il dekabrın 2-də Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev tərəfindən İkinci Qarabağ müharibəsi bitdikdən sonra bu müharibənin başladığı gün  "Anım Günü" kimi qeyd etmək barədə sərəncam verilmişdi.

Allah şəhidlərimizi rəhmət etsin!