30.08.2021

Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı

Hər birimizin and yeri vətəndir! Vətən torpağı hər bir insan üçün müqəddəs və hər şeydən üstündür. Bu torpaq uğrunda tarixin ən qədim dövrlərindən bu günə qədər çoxlu yadellilərlə vuruşub azadlığı canı, qanı bahasına əldə edən xalq kimi tanınır Azərbaycan xalqı. Tarixən bir sıra haqsızlıqlara məruz qalan Azərbaycan müstəqilliyinin ilk dövlərində yenə də bu mənfur siyasətə tuş gəldi. Ərazi bütövlüyü pozulan Azərbaycan 20% torpağını müvəqqəti belə olsa itirdi. Bir çox igid Azərbaycan oğlu canından keçib ən uca zirvə olan şəhidliyə ucaldı. Şəhidlərlə bərabər şəhid yarısı sayılan qazilərimiz də çox oldu. Həmin qazilər əmək qabiliyyətini itirmiş sayılır və əlilliyə görə dərəcələrə ayrılır. Birinci Qarabağ savaşından sonra dövlətimiz qazilərə qayğısını əsirgəmədi. Qazilərimiz mənzil, maşın və s. ilə təmin edildilər. Bundan başqa onların sosial müdafiəsinin möhkəmləndirilməsi üçün bir sıra işlər aparılmışdır ki, bu işlər bu gün də uğurla davam etdirilir.

Tarix təkərrür edir. Bu gün yenə Azərbaycan özünün işğal altında olan ərazilərinə qovuşdu. Bizi bu torpaqlara qovuşduran isə 44 gün ərzində Azərbaycanın igid övladlarının qəhrəmanlıqla göstərdiyi şücaət və cəsarət oldu. 44 gün ərzində Azərbaycan ordusu dünyanı heyrətə gətirən əməliyyatlardan üzüağ çıxdı. Sözsüz ki, müharibə itkisiz olmur. Yenə şəhidlərimiz və eyni zamanda sağlamlığını itirmiş qazilərimiz oldu. Bu gün qazilərin və şəhid ailələrinə dəstək olmaq hər bir Azərbaycan vətəndaşının vətəndaşlıq borcudur. Müharibədə qazi adını almış döyüşçülər dünyanın ən yaxşı xəstəxanalarında müalicə alır və dövlət tərəfindən onlar üçün ən gözəli edilir. Diqqət və qayğı isə sonra da davam etdirilir. Qazilərin sosial müdafiəsi təşkil olunur, onlara maşın və mənzillər verilir.

2021-ci il 26 avqust tarixində şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub.1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək.

Bu isə şəhid ailələri və qazilərə göstərilmiş diqqət və qayğının bariz nümunəsidir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi şəhid ailələri, qazilər, vətən müharibəsi iştirakçılarına hər yerdə diqqət göstərilməlidir. Onlara diqqət və qayğı göstərilməlidir. Sirr deyil ki, vətən müharibəsi başa çatdıqdan sonra şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub, 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilib.

Bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 2018-2020-ci illərdə 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb. Postmüharibə dövründə 26 min nəfərə 36 min xidmət göstərilmişdir.

Vətən müharibəsində Vətən Müharibəsi Qəhrəmanı adını almış şəxslərin hər biri mənzillə təmin olunacaq. Bu adı ölümündən sonra almış şəxslərin ailələri də eyni zamanda mənzillə təmin olunacaqdır.

Vətən müharibəsindən sonra  sağlamlığını itirmiş şəxslər protezlərlə təmin olunur ki, bu işlər uğurla həyata keçirilir. Protezə ehtiyacı olan 180 nəfərdən 140 nəfəri artıq ən müasir və yüksək keyfiyyətli protezlərlə təmin olunmuşdur.

Vətən müharibəsində şəhid olmuş şəxslərin ailələri və qazi adını qazanmış şəxslərə dəstək məqsədilə yaradılan Yaşat fondu onların hərtərəfli qayğısını çəkmək üçün səylə fəaliyyət göstərir.

Müharibə dövründə düşmən öz rəzilliyini qoruyub saxladı. Beynəlxalq hüquqa zidd olan sivilləri hədəfə aldı. Bu üzdən bir sıra şəhərlərimiz dağıntılara məruz qaldı. Hazırda həmin şəxslərin mənzillə təmin edilməsi üçün minlərlə mənzil tikilməkdədir.

Bəli, 30 il ərzində Azərbaycan xalqı torpaqlarını qaytarmaq ümidini qoruyub gerçək etdi. Müharibədən öncə içindıki qisası bəlli edən xalq, müharibə dövründə də bunu hərbçilərimizə etdiyi maddi və mənəvi dəstəklə nümayiş etdirdi. Qalib xalq statusunu təmin edən Azərbaycan öz tarixi, əzəli və əbədi torpaqlarını qaytararaq beynəlxalq hüququ təmin etmiş oldu.

Hər zaman haqq, sülh tərəfdarı olan Azərbaycan xalqı öz lideri ətrafında yumruq kimi birləşərək tarixi iradə nümayiş etdirdi.

Vətənimizin bütövlüyünün təmin edilməsində bu faktorun da böyük rolu olmuşdur.

Allahdan vətən müharibəsi şəhidlərinə rəhmət, qazilərinə şəfa diləyirik.


Açar sözlər: