20.06.2021

Bölgənin sürətli inkişafına zəmin yaradan Zəfər

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 16 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasına rəsmi səfəri çıərçivəsində Milli Məclisdə etdiyi çıxış Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoymasının sübutu idi.

Azərbaycanın Vətən Müharibəsində tarixi qələbəsi və bu zəfərin bölgəyə əmin amanlıq və sülh gətirəcəyi şübhəsizdir. Bu sabitlik təkcə Azərbaycan üçün deyil, eyni zamanda  bölgənin bütün ölkələri üçün xeyirlidir. O cümlədən Ermənistan dövləti də əgər Azərbaycanla dinc və qonşuluq şəraitində yaşamaq istəyirsə bu sabitlikdən xeyir görəcək.  Azərbaycan daima öz qonşuları ilə dinc və yanaşı yaşamaq prinsiplərinə üstünlük verib. Bu ənənəyə sadiq qalaraq altı ölkəni-Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan və Ermənistanı birləşdirən yeni platformanı  dəstəkləyir.  Azərbaycan dövlət başçısı əminliklə qeyd edir ki, bu  platforma bölgədə sabitliyi möhkəmlədəcək və düşmənçilikləri aradan qaldıracaq. Bölgənin inkişaf  tarixində başlamış yeni mərhələ eyni zamanda davamlı sülhün qarantı olacaqdır. Bölgə dövlətləri arasında qarşılıqlı etimad və əməkdaşlıq bu sabitliyi daha da möhkəmləndirərək davamlı sülhün bərqərar olmasına xidmət edəcəkdir.

Otuz illik işğal bir milyondan artıq Azərbaycan vətəndaşının  həyatında ciddi dəyişikliklər yaratmışdır. Həmin insanlar öz ata baba yurdlarından didərgin düşmüşlər. Vətən Müharibəsində Azərbaycanın şanlı qələbəsi həmin torpaqları yenidən öz sahiblərinə qovuşdurdu. Bu qələbənin qazanılmasında xalq-ordu birliyi mühüm rol oynadı.  Azərbaycan xalqının tək yumruq, milli birlik və bərabərlik  nümayiş etdirməsi bir daha onu sübut etdi ki, Azərbaycan heç vaxt öz torpaqlarını kiməsə güzəşt etmək fikrində deyil.  Tarixi qələbə ilə Azərbaycan eyni zamanda  bölgədə ədaləti bərpa etdi. Azərbaycan ordusu dünya hərb tarixində öz imzasını qoydu. Azərbaycanın mərd övladları vətən üçün, Qarabağ üçün gözlərini qırpmadan qəhrəmancasına mübarizə apardılar. Təbii ki, bütün bunlar Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində apardığı məqsədyönlü siyasətin nəticəsi idi.

Vətən Müharibəsində qardaş Türkiyə Respublikası daima Azərbaycanın Yanında oldu. Türkiyə Respublikası Azıərbaycana haqq yolunda apardığı mübarizədə mənəvi dəstəyini nümayiş etdirərək həm dövlət, həm də millət olaraq Azərbaycanın yanında oldu.

Otuz il ərzində Ermənistanın Qarabağda törətdiyi dağıntılar bir daha sübut etdi ki, bu ərazi heç vaxt Ermənistana aid olmayıb. Bu illər ərzidə ermənilər Qarabağda yalnız vəhşilik etmiş və dağıntılar törətmişlər. Tarixi və mədəniyyət abidələri yerlə yeksan edilmişdir. Otuz il bundan əvvəl azərbaycanlılar Qarabağdan məcburi surətdə çıxanda heç bir dağıntı törətmədilər, evlərini yandırmadılar. Çunki bura onların vətəni idi. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada törədilmiş cinayətlər nəinki Azərbaycan mədəniyyətinə, o cümlədən dünya mədəni irsinə vurulan böyük zərbədir. Bütün bunlara baxmayaraq Ermənistan öz mənfur siyasətinin reallaşmasına nail ola bilmədi. Haqq və ədalət öz yerini tapdı.

Hal hazırda azad edilmiş torpaqlar sürətlə inkişaf etdirilir. Yollar salınır, elektrik stansiyaları qurulur, su kəmərləri çəkilir. Yeni-yeni infrastruktur obyektləri tikilir. Qardaş ölkə olaraq Türkiyə yenə də Azərbaycanın yanındadır.  Türkiyə Respublikasının azad olunmuş ərazilərdə məktəb, xəstəxana və digər sosial obyektlər tikməsi bir daha onu sübut edir ki, Azərbaycan – Türkiyə münasibətləri daima yüksək qardaşlıq səviyyəsində olmuş və artıq yeni mərhələyə qədəm qoymuşdur.


Açar sözlər: