Hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyə yenə də öz dostluğunu, qardaşlığını dünyaya bəyan etdi və bir daha qardaşlığın möhrünü vurdu. 2021-ci il iyunun 15–də Şuşada Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış “Şuşa bəyannaməsi” dostluğumuzu, “bir millət iki dövlət” olduğumuzu dünyaya sübut etdi.
Bu zəfər müqaviləsi iki ölkə arasındakı münasibətləri daha da möhkəmləndirmək, gələcəkdə bir çox sahələr üzrə inkişafı təmin etmək üçün imzalanmışdır. Bəyannamədə bir çox məsələlər, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticari əlaqələr, təhsil, incəsənət, idman, hərbi sahələrdə əlaqələrdən bəhs olunur.
Müqavilə təhlükə yarandıqda, iki ölkənin bir-birini qorumaq üçün imzaladığı qarşılıqlı əməkdaşlıq sənədi idi. Bəyannamədə Mustafa Kamal Atatürk və Ulu öndər Heydər Əliyevin kəlamları yer almışdır. Həmçinin bəyannamədə Cənub qaz dəhlizinin Türkiyə Azərbaycan və Avropa üçün əhəmiyyəti göstərilir, Zəngəzur dəhlizinin açılmasına aid açıq ifadələr yer almışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, “Zəngəzur dəhlizi” böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu müqavilə iki ölkə arasındakı dostluğu, əməkdaşlığı daha da möhkəmləndirəcək, təhlükəsiziliyimizin təminatı olacaqdır. Əlbətdə ki, bu tarixi bir qələbədir, Türkiyənin hərbi strateji sahədə bizə dəstək olması, bunu dünyaya bir daha bəyan etməsi bizim tarixi zəfərimizdir.
Bu gün bu tarix yazılır və biz bütün bunların canlı şahidi oluruq. Hələ ikinci Qarabağ müharibəsi başlandığı ilk gündən Türkiyə bütün dünyanı qarşısına alıb Azərbaycana dəstək oldu. Onun bu addımı bir çox ölkələrin bu məsələyə müdaxiləsinin qarşısını aldı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müharibədəki qələbəmizdən sonra iki dəfə Azərbaycana rəsmi səfər etdi. Birinci səfəri zamanı sevincimizi sevinci bilib birlikdə bizimlə Zəfər paradında iştirak etdi. İkinci səfərində isə iki ölkə arasında təhlükəsizliyin təminatı sayılan zəfər sazişinə-müttəfiqlik, birgə əməkdaşlıq sazişinə imza atdı. Həmçinin Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir ki, “Bu, Türkiyə ilə Azərbaycan arasında hər tərəfli müqavilə olacaq”.
Rəcəb Tayyib Ərdoğan Qarabağa səfəri zamanı Şuşada Türkiyənin baş konsulluğunun açılmasını da bəyan etmişdir. Bu onu göstərir ki, işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma işlərində Türkiyənin də rolu olacaqdır. Bu sahədə də Türkiyə və Azərbaycan arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur. Ərdoğan səfəri zamanı burada görüləcək yenidənqurma işlərlə tanış olmuş, prezident İlham Əliyev ilə şəhər turuna çıxmışlar. Iki prezident arasında çox semimi və maraqlı dialoqlar olmuş, gələcəkdə görüləcək işlər haqqında danışılmışdır. Bu gün Qarabağda Türkiyə və Azərbaycan bayrağı birgə dalğalanır, bu bir daha ölkələrimizin birliyini, qardaşlığını nümayiş etdirir.