19.06.2021

Şuşa Bəyannaməsi

Azərbaycan Respublikası və Türkiyə cümhuriyyəti arasında imzalanmış Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində daha geniş, çoxşaxəli əməkdaşlığa imkan yaradan, ölkələrimizin strateji müttəfiqlik münasibətlərini ən yüksək səviyyəyə yüksəldən tarixi bir sənəddir. Belə bir sənədin Milli Qurtuluş Günündə, Azərbaycanın mədəniyyət paytaxtında imzalanması mühüm mənəvi və siyasi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında imzalanmış Şuşa bəyannaməsi xüsusi gələcəyə hesablanmış bir tarixi sənəddir. Bu tarixi sənəddə Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında hərtərəfli əlaqələrin inkişafı barədə görüləcək işlər öz əksini tapmışdır. Bu isə Azərbaycan Türkiyə qardaşlığı, müttəfiqliyini bütün dünyaya bəyan edir. Biz bunu hələ 44 günlük Vətən müharibəsinin i ilk saatlarında görmüş olduq. Belə ki, Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan ifadə etdi ki, Türkiyə birmənalı olaraq Azərbaycanın yanındadır və hər cür dəstək verməyə hazırdır. Bu bizləri qürurlandırmaqla yanaşı düşmən qüvvələri də mümkün ola biləcək müdaxilələrdən çəkindirdi. Bütün bunlar Azərbaycan Türkiyə qardaşlığının göstəricisidir. Şuşa bəyannaməsi də məhz bütün bunları özündə əks etdirən rəsmi sənəddir. İki ölkə lideri arasında imzalanmış Şuşa bəyannaməsində öz əksini tapan hərbi əməkdaşlıq bəndini xüsusi qeyd etmək lazımdır. Necə ki, bu günə qədər Türkiyə Azərbaycan qarşılıqlı hərbi əməkdaşlıq vardısa, bundan sonra da bu hərbi təhlükəsizlik davam edəcək və daha da inkişaf etdiriləcək. Azərbaycan və Türkiyə hər zaman birlikdədir və bundan sonra da belə olacaq. Şuşa bəyannaməsində düşmənin qorxulu yuxusunun davamı olaraq Pilotsuz uçuş aparatlarından söhbət açılır. Belə ki, Azərbaycan artıq PUA istehsalında mərkəz rolunu oynayacaq. Bu da Azərbaycanın hərbi qüdrətini daha da gücləndirəcək faktlardan biridir

Bəyannamədə öz əksini tapan xüsusi qeyd ediləcək məsələlərdən biri də olduqca böyük geosiyasi, geoiqtisadi əhəmiyyətə malik olan “Zəngəzur dəhlizi” məsələsidir. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı olduqca açıq fikirlər öz əksini tapır. Bu da müharibədən sonra yaranmış vəziyyəti təcəssüm etdirir. Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında həm avtomobil, həm də dəmir yolu xəttini reallaşdıracaq Zəngəzur dəhlizi olduqca böyük əhəmiyyət kəsb edir və onun açılması ilə bağlı praktik işlər görülməkdədir.

Şuşa bəyannaməsində qeyd edilən vacib məqamlardan biri kimi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Türkiyə konsulluğunun açılmasıdır. Bu siyasi addımın atılması düşmən qüvvələri vahimə içində saxlayır. Şuşada konsulluğun açılması işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrində Türkiyənin yaxından iştirak edib, böyük rol oynayacağından xəbər verir. Müharibədən sonrakı dövrə nəzər etsək Türkiyənin infrastrukturun yaradılmasında böyük rol oynadığını, Türkiyə şirkətlərinin tenderlərdə uğurlu olmasını görə bilirik. Bütün bunları özündə əks etdirən Şuşa bəyannaməsi Azərbaycan respublikası və Türkiyə Cümhuriyyəti arasında olan qardaşlıq, müttəfiqlik  münasibətlərini daha da dərinləşdirir və inkişaf etdirir.

Bəyannamədə qeyd olunan əməkdaşlığa istinad nöqtəsi isə ortaq tarixi milli-mənəvi dəyərlərimiz ilə yanaşı Türk dünyasının liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsi, Ulu öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlığının ən dəqiq ifadəsi olan “Bir millət, iki dövlət” şüarlarını qeyd etmək lazımdır.

Bəyannamədə yer alan prinsiplər göstərir ki, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti hər zaman olduğu kimi bundan sonra da bir yerdə olacaq və inkişaf edəcəkdir.


Açar sözlər: