17.06.2021

Xalqın xilaskarı

1991-ci ilin oktyabr ayında Azərbaycan yenidən öz müstəqilliyini əldə etdikdən sonra Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirirdi. Bu işdə AXC partiyasının siyasi səriştəsizliyi və təcrübəsizliyi də mühüm rol oynadı. Həmin dövrdəki Azərbaycan hakimiyyəti bugünkü Ermənistan hakimiyyəti ilə çox oxşardır - təcrübəsiz, biliksiz, səriştəsiz, qorxaq, fərari. Nəticədə  Azərbaycan torpaqları ardıcıl olaraq işğal olunmağa başladı. Azərbaycanlılara qarşı misli görünməmiş cinayətlər törədildi.

Nə yaxşı ki, bu dövrdə xalqını düşünən insanlar da vardı. Xalqın gələcək taleyi üçün narahat olan “91 nəfər” ziyalımız çıxış yolunu Ulu Öndəri hakimiyyətə dəvət etməkdə gördülər. Onu böyük siyasətə dəvət etdilər. Ölkəni mövcüd böhrandan xilas etmək üçün 1992-ci ilin noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev onun sədri seçildi. Kağız üzərində olan müstəqilliyimizin həqiqətdə reallaşması üçün şərait yarandı.

1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün  əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir. 15 iyun 1997-ci ildən qeyd olunmağa başlanıldı,1998-ci ildən isə rəsmi bayram statusu aldı.

1993-cü ilin oktyabrında H.Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan öz tarixinin yeni dövrünə qədəm qoydu. Bundan sonra Azərbaycan Respublikası  tarixində dirçəliş, yüksəliş və sürətli inkişaf dövrü başlandı. H.Əliyevin prezidentlik dövündə  1994-cu il mayın 8-də imzalanan “Bişkek protokolu”na əsasən mayın 12-də Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəs elan olundu. 20 Yanvar faciəsinə siyasi qiymət verildi.

1995-ci il noyabrın 12-də ilk dəfə parlament seçkiləri keçirildi. 1998-ci ildə şərqdə ilk dəfə olaraq ölümhökmü ləğv edildi. Konstitusiya məhkəməsi yaradıldı. 1999-cu ilin dekabrında  ilk bələdiyyə seçkiləri keçirildi. 1999-cu ildə Bakı-Supsa neft kəməri istifadəyə verildi. Həmin ildə  xam neftin Bakı-Tibilisi-Ceyhan neft kəməri ilə ixracı haqqında müqavilə imzalandı. 2001-ci ildə ölkə qazının Bakı-Tibilisi-Ərzurum qaz kəməri ilə dünya bazarına çıxarılması haqqında Azərbaycan  Türkiyə və Gürcüstan saziş imzaladı. 2001-ci ilin payızında H.Əliyev AŞ Parlament Assambleyasında çıxış etdi. Bu şanlı tarix səhifəsini yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan-Heydər Əliyev oldu.

Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin uğurla və ləyaqətlə davam etdirilməsinin nəticəsidir.


Açar sözlər: