08.06.2021

“İnsan hüquqları aylığı” çərçivəsində videokonfrans keçirilib

İyunun 8-də Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ), Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində videokonfrans keçirilib.

Videokonfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Səyad Babakişiyev, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Mərkəzin əməkdaşı Mirkamran Məsimli, Lənkəran rayonu Liman şəhəri 2 nömrəli, Balıqçılar qəsəbə, Kosalar və Lüvəsər kənd tam orta məktəblərinin direktorları, direktor müavinləri, psixoloqlar, uşaq birliyi təşkilatının rəhbərləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər iştirak edib.

Çıxışlar zamanı İnsan hüquq və azadlıqları haqqında, bu sahədə qəbul edilmiş qanunlar, qərarlar və digər normativ aktlar haqqında məlumat verilərək, ölkəmizdə bu sahədə görülən işləri, həyata keçirilən layihələri tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Natiqlər 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında olan maddələrin 1/3-nin insan hüquq və azadlıqlarına həsr edildiyini, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində mütərəqqi tədbirlərin həyata keçirildiyini vurğulayıblar.

Videokonfransda insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarına, eləcə də onların təhsil hüququna diqqət çəkilib.

Şagirdlərin milli-mənəvi dəyərlərimiz əsasında, vətənpərvərlik ruhunda tərbiyə edilməsinin önəmi qeyd edilib.


Açar sözlər: