Müasir dünya nizamında hər bir dövlətin qüdrəti onun iqtisadi gücü ilə ölçülür. Sağlam əsaslara malik Azərbaycan iqtisadiyyatı günü-gündən inkişaf etməkdədir.
44 günlük “Vətən Müharibəsi”ndəki qələbəmizin başlıca səbəbi də məhz iqtisadi gücümüzün Ermənistandan üstün olması idi.
Ölkədə son 17 il ərzində ümumi daxili məhsul 3 dəfə artmışdır. Azərbaycanda yoxsulluq 49 faizdən 5 faizə enmişdir. Azərbaycanın xarici dövlət borcu dünyada ən aşağı səviyyələrdədir, ümumi daxili məhsulun təqribən 20 faizini təşkil edir. Neft ixrac edən dövlətlər arasında ən az xarici dövlət borcu olan Azərbaycandır.
Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan 6 dəfə çoxdur. Azərbaycanın iqtisadiyyatına 260 milyard dollardan çox sərmayə yatırılmışdır. Beynəlxalq Valyuta Fondunun statistikasına görə, hazırda Azərbaycan iqtisadiyyatı alıcılıq qabiliyyəti paritetinə görə Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 70 faizini təşkil edir.
Dünyada mövcud olan pandemiya ölkə iqtisadiyyatına da təsirsiz ötüşməmişdir. Lakin buna baxmayaraq sosial dəstək tədbirləri təxminən 5 milyon insanı əhatə edir. Bu dövrdə yeni 1,5 və 50 manatlıq pul əskinasları dövriyyəyə buraxıldı. Köhnə nümunəli əskinaslarda paralel olaraq tədavüldədir.
Azərbaycan və Türkiyə arasındakı iqtisadi münasibətlər tarixi-mədəni yaxınlığa və qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır. İkitərəfli iqtisadi əlaqələrdə çoxşaxəlilik və intensivlik müşahidə edilir. Bu əlaqələr ticarət, investiya qoyuluşları və çoxtərəfli münasibətləri əhatə edən regional layihələrdə özünü daha qabarıq göstərir. Hazırkı iqtisadi tərəfdaşlıq həm Türkiyə və Azərbaycanın ölkə miqyasında, həm də region miqyasında nüfuzunun və iqtisadi gücünün artımında əhəmiyyətli rol oynayır. Türkiyə ilə sıx iqtisadi münasibətimizin böyük inkişaf potensialı vardır. Hər iki ölkə liderləri mövcud potensialın dəyərləndirilməsi, hər iki ölkədə əhalinin rifah halının yüksəldilməsi, rəqabət sisteminin inkişafı, işsizliyin həlli, enerji təhlükəsizliyinin təminatı və ölkələrin makroiqtisadi dayanıqlılığı kimi məsələlərdə birgə fəaliyyətə dair razılığa gəlmişlər.
Hazırda regionda yaranmış yeni reallıqlar zəmnində qardaş Türkiyə Respublikası ilə hətərəfli əlaqələrimiz nəqliyyat və komunikasiya həmçinin infrastruktur baxımından da inkişaf etməkdədir. Bu il may ayında Prezident İlham Əliyev Türkiyə Respublikasının nəqliyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş və yeni strateji əməkdaşlığın əsasları müzakirə olunmuşdur. Bu tərəfdaşlığın gələcəkdə ölkəmiz üçün müsbət nəticələr verəcəyi danılmazdır. Azərbaycan regionda iqtisadi lider olmaq yolunda irəliləməyə davam edir.