04.06.2021

Pandemiya və Azərbaycan

Tarixən hər bir dövlətin gücü təkcə onun ordusu deyil, eyni zamanda onun iqtisadiyyatı ilə ölçülmüşdür. Müasir dövrdə isə bu özünü daha qabarıq şəkildə göstərmişdir. Bildiyimiz kimi artıq bir ildən çoxdur ki, COVİD-19 virusunun səbəb olduğu pandemiya dünyanın əksər yerlərində qapanmalara səbəb olmuşdur. Bu qapanmalar ölkəmizdən də yan keçməmişdir. Qapanmalar əsasən əhalinin daha az ünsiyyətdə olmasına, təmasın minimuma endirilməsi ilə virusun daha böyük kütləni əhatə etməməsinə yönəlmişdir. Lakin, bu qapanmalar virusdan qorunmaq yollarından biri olsa da bunun iqtisadiyyata mənfi təsirləri qaçılmazdır.

Qapanmalar həm dövlət, həm də özəl sektoru əhatə etmişdir. Pandemiya dövründə Prezident İlham Əliyevin sərəncamı ilə qapanmaya məruz qalmış bütün iş yerlərində əmək haqqları saxlanılmışdır. İşsiz vətəndaşların hər birinə yardım paketi ayrılmışdır. Virusun mənfi təsirinə məruz qalmış sahibkarlıq subyektləri də dəstəklənmişdir ki, bunun üçün dövlət büdcəsindən 2 (iki) milyard ABŞ dolları miqdarında iqtisadi yardım ayrılmışdır. Bütün bunlar ölkə itqisadiyyatı və sahibkarlarına dövlət qayğısının bariz təzahürüdür. Dövlət tərəfindən pandemiya dövründə aparılan məqsədyönlü fəaliyyət nəticəsində Azərbaycan iqtisadiyyatında infiliyasiya və böhran baş vermədi.

Pandemiya başladığı gündən bir sıra dövlətlər bu virus əleyhinə öz vaksinlərini hazırlamaqla məşğul olmuşdur. Ölkəmizdə görülən tədbirlər nəticəsində yanvar ayından etibarən virusa qarşı ən həssas olan yaşlı təbəqənin vaksinasiyasına başlanılmışdır. Vaksinasiya könüllülük prinsipi əsasında mərhələli şəkildə aparılır. Ölkə vətəndaşları, müəllimlər, həkimlər, polislər və s. mərhələli şəkildə vaksinasiya edilir. Vaksinasiya üçün seçim imkanları geniş olsa da Azərbaycan əsasən 99.94% “Sinovac”, digərləri isə “Astra Zeneca” və “Sputnik” olmaqla 2 (iki) milyon doza vaksin istifadə etmişdir. Vaksinasiya prosesi qeyd etdiyimiz kimi könüllülük prinsipi əsasında aparılır. 18 yaşdan yuxarı bütün vətəndaşlar peyvənd edilə bilərlər. Vətəndaşların rahatlığının təmin edilməsi, xəstəxanalarda və tibb məntəqələrində sıxlıq yaranmasın deyə “randevu.its.gov.az” saytında öncədən qeydiyyatdan keçib saatı seçərək peyvənd olmaq mümkündür. Əhalinin vaksinasiya edilmiş hissəsi ikinci dozanı qəbul etdikdən sonra COVİD-19 pasportu ilə təmin edilir ki, bu da onlar üçün bir sıra məhdudiyyətləri aradan qaldırır.

Dünyanı cənginə alan virusla mübarizə məqsədilə dövlət rərəfindən qısa müddət ərzində 13 modul tipli və 1 daimi xəstəxana tikilib istifadəyə verilmişdir. Burada yerlər 10 min çarpayıdan artıqdır. Qeyd edilmiş xəstəxanalar virusun aktivliyi dövründə tam gücü ilə əhaliyə xidmət etmişdir. Virusun aktiv keçdiyi zaman kəsiyində qəbul edildi ki, virusa yoluxmuş vətəndaşların müalicəsi evlərdə aparılsın. Bu məqsədlə ərazi üzrə tibb işçiləri ayrılmış və həmin işçilər ərazilər üzrə fəaliyyət göstərmişdir. İşlərin operativ və planlı şəkildə görülməsi nəticəsində artıq modul tipli xəstəxanalara ehtiyac minimuma enib, günlük yoluxma sayı xeyli aşağı düşüb və ölkə ərazisində qapanmalar mərhələli şəkildə aradan qaldırılır. Əhalinin əksər hissəsinin vaksinasiyası həyata keçirildikdən sonra qapanmalar və məhdudiyyətlər tam şəkildə aradan qaldırılacaq və həyat əvvəlki axarı ilə davam edəcəkdir.