19.05.2021

"Şuşa alınmaz qala"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 12-13 may tarixlərində 30 illik fasilədən sonra Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi, Qarabağın tarixi simasını və Şuşanın mədəniyyət mərkəzi statusunun bərpa olunmasının əsl nümunəsi oldu.

“Xarıbülbül” musiqili festivalı torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsinə həsr olunmaqla yanaşı, eyni zamanda Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsindəki davamıdır. Bu festival eyni zamanda milli birlik, qurur və ləyaqət bayramıdır.

 Prezident İlham Əliyevin dediyi kimi: “Bu ildən başlayaraq hər il Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək, eləcə də gələn il Şuşanın 270 illik yubileyi qeyd olunacaq”. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, onun Azərbaycanın milli sərvəti olduğunu göstərir. 30 il erməni işğalında olmasına baxmayaraq, ermənilər Şuşada Azərbaycan ruhunu silə bilmədilər.

Azərbaycan dövləti dəfələrlə bəyan edirdi ki, işğal vəziyyəti ilə heç vaxt barışmayacaq, nəyin bahasına olursa olsun öz torpaqlarını erməni işğalından azad edəcək və bunu etdi. Müharibənin ilk günlərindən etibarən erməni təbliğatı və xüsusi qurumları Azərbaycan dövlətini zəiflətmək istiqamətində işlər görür, dini və etnik icmalar arasında təfriqə yaratmaq istəyirdilər.

Bu istiqamətdə xaricdə yaşayan erməni lobbisi davamlı iş aparmış, xüsusi mərkəzlər, təşkilatlar yaratmış və bu məqsədlə milyonlarla vəsait xərcləmişdilər. Lakin bütün bunlar əbəs yerə idi. Çünki, 44 günlük müharibə dövründə Azərbaycan ərazisində yaşayan bütün etnik və dini icmaların nümayəndələri vahid amal ətrafında, vahid bayraq altında birləşərək və çiyin - çiyinə döyüşərək erməni təbliğatının əbəs yerə və məansız olduğunu göstərdi. Eyni zamanda Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanda tolerantlıq mühitinin yaradılması və multikultural ənənələrin qorunması sahəsinə diqqətin artırılması bu istiqamətdə həyata keçirilən siyasətin nə qədər düzgün olduğunu bir daha göstərdi. Qələbədə bütün icmaların payı olmuşdur. Eyni zamanda “Xarıbülbül” festivalı multikulturalizm ənənələrinin simvoluna çevrildi. Vətən müharibəsi Azərbaycanda bütün xalqların nümayəndələrinin dost, qardaşlıq və həmrəylik şəraitində yaşşadıqlarını, eyni zamanda ölkədə milli birliyin və milli həmrəyliyin olduğunu sübut etdi. 44 günlük müharibə Azərbaycan xalqının şanlı tarixidir. Bu müharibənin hər günü, xüsusilə də Şuşanın azad olunması ayrıca bir qəhrəmanlıq dastanıdır.

Şuşaya qayıdışın simvolik başlanğıcı Ramazan bayramında Yuxarı Gövhərağa məscidində bayram namazının qılınması oldu. Pənahəli xan dövründə Şuşada dini dəyərlərə xüsusi diqqət yetirilməsinin davamı olaraq bu gün Şuşada məscidlərdə azan səsi ucaldılır. Azərbaycanı öz dini və milli mənəvi köklərinə bağlı olması, Şuşanın və bütün işğal altında olan torpaqların azad olunmasında müstəsna rol oynadı. Prezident İlham Əliyev Cocuq Mərcanlı işğaldan azad olunduqdan sonra orada Şuşada olan məscidin bənzərinin inşa edilməsi barədə göstəriş vermiş və həmin məscidin açılışı zamanı çıxışında qeyd etmişdir ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikəcəyik.

Bu il Ramazan bayramında Şuşada yeni möhtəşəm məscidin təməlinin qoyulması böyük rəmzi məna daşıyır. Bu Azərbaycan xalqının Qarabağa, Şuşaya qayıdışıdır.


Açar sözlər: