17.05.2021

"Naxçıvan türk dünyasının qapısıdır"

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən Naxçıvanda əsası qoyulan milli ordu quruculuğu prosesi bu gün Azərbaycanda uğurla davam etdirilir. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz inkişaf edərək müstəqilliyimizin təminatçısına çevrilib. Naxçıvan Muxtar Respublikasının müdafiəsi də etibarlı təşkil olunub, dövlət-ordu-xalq birliyinin möhkəm təməli yaradılıb. Dövlətin və xalqın dəstəyini üzərində hiss edən şəxsi heyətin döyüş ruhu isə günbəgün artır, sərhəd yaşayış məntəqələrimiz etibarlı müdafiə olunur.

Cənab Prezident qeyd edib ki, son illər ərzində Naxçıvanda demək olar ki, bütün hərbi hissələr yenidən qurulub və yeniləri yaradılıb: “Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı da əlamətdar hadisədir. Çünki bu, Naxçıvan Muxtar Respublikasının ən böyük tibb müəssisəsidir, çarpayıların sayına görə Mərkəzi Xəstəxanadan da böyükdür. Eyni zamanda, hərbi aerodromun açılması Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində xüsusi yer tutur. Ümumiyyətlə, deyə bilərəm ki, Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib. Təsadüfi deyil ki, mənim göstərişimlə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan ordusunda olan hərbi texnika deyə bilərəm ki, bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur".

Naxçıvanda hərbi xidmətdə olanların sosial vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Hərbi aerodromun və hərbi hospitalın açılışı Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin olunması işinin təşkilində əlamətdar hadisədir. Naxçıvanın təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi var. Çünki hərbçilərin indi xidmət şəraiti yaxşılaşır, yeni hərbi hissələr tikilir. Ermənistanın “ikinci cəbhə” açmaq həvəsini içindəcə boğmağa məcbur etmiş bu ordu tam NATO (türk ordusu) standarlarına keçmiş xüsusi statuslu hərbi vahiddir. Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır.

“Vətən müharibəsi”ndə Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin, dislokasiya olunmuş hərbi hissələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Günnüt əməliyyatının əhəmiyyəti böyükdür. Günnüt əməliyyatı nəticəsində əldə edilən yüksəkliklər imkan verdi ki, Azərbaycan Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət etsin və İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanları bir çox informasiyanın əldə edilməsində mühüm amilə çevrildi. Ümumiyyətlə, bu müharibədə Naxçıvan fəal iştirak etdi və bütövlükdə ölkə hüdudlarının müdafiə edilməsində mühüm rol oynadı.

“Naxçıvanın qorunmasında, müdafiə olunmasında və düşmənin yerinə oturdulmasında ulu öndər Heydər Əliyevin də misilsiz xidmətləri olub və deyə bilərəm ki, bugünkü Zəfərin təməli isə o vaxt Naxçıvanda atılıb.

Naxçıvanda açılan yeni hərbi aerodrom bu ordunun hava əməliyyatlarını müstəqil olaraq bütün komponentləri ilə tam həcmdə yerinə yetirməsinə, dolayısı ilə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun döyüş potensialının artırılmasına imkan verir. Aerodromun tikilməsi Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımların bariz nümunəsidir”.

Ulu öndər Heydər Əliyevin təkrarsız və unikal dövlət idarəçilik məktəbinin davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının həyata keçirdiyi müstəqil siyasət milli maraqlarımızın qorunmasını təmin etmişdir.


Açar sözlər: