Alınmaz qala qürur simvolu, əzəmətli Şuşa! Azərbaycanın Dilbər guşəsi olan Qarabağımız haqqında, xüsusən də Qarabağın mirvarisi sayılan Şuşa haqqqında tarix boyu saysız hesabsız müəlliflər öz fikirlərini qələmə almışlar. Şuşanın gözəlliyi, füsünkarlığı bu günümüzdə dillərə dastandır. Harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycanlının Şuşanı görmək, onun havasını udmaq, İsa bulağından su içmək, Xarıbülbülü qoxlamaq kimi arzusu vardır.
Şuşaya valeh olmamaq mümkün deyil. Çünki Şuşa təkbaşına bir tarixi abidədir. Şuşanın arxitekturası, şəhərsalma mədəniyyəti, memarlıq üslubu dünyanın istənilən şəhərindən özünəməxsusluğu ilə fərqlənir.
Bu şəhərə qədəm qoyan hər bir qonaq həmişə yenidən buraya qayıtmaq arzusunda olub.
Qədim tarixə malik olan, Azərbaycan incisi Şuşa, tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə neçə-neçə dahi şəxsiyyətlər bəxş etmişdir. Bu şəhər, Qasım bəy Zakir, Xurşudbanu Natəvan, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Firudin bəy Köçərli, Həmidə xanım Cavanşir, Süleyman sani Axundov, Yusif Vəzir Çəmənzəminli, Cabbar Qaryağdıoğlu, Üzeyir Hacıbəyli, Zülfüqar bəy Hacıbəyli, Fikrət Əmirov, Soltan Hacıbəyli, Niyazi, Süleyman Ələsgərov, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Rəşid Behbudov, Zülfü Adıgözəlov və başqa bu kimi dahi şəxsiyyətlərin vətəni olmuşdur.
Təəssüflər olsun ki, Azərbaycan xalqı 28 il Şuşa həsrətilə alışıb yanırdı. Mənfur qonşumuz Ermənistan, nəinki Azərbaycanın, hətta əminliklə demək olar ki, bütün şərq aləminin mədəniyyət beşiyi olan Şuşamızı həbsdə saxlamışdı. Ermənistan Respublikasının işğalçı hərbi qüvvələri tərəfindən 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edilmiş, burada xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi, vandalizm siyasəti həyata keçirilmişdir. Vandalizmin davam etdiyi 28 il ərazində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılmış, məbədgah və məscidlər təhqir edilmiş, çox sayda nadir əlyazma nümunələri məhv edilmiş, 20 kitabxana yandırılmışdır. Lakin, Ümummilli liderimiz Heydər Əliyev həmişə çıxışlarında “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur !!!” dəyərli fikirlərini bildirməklə Şuşanın nə qədər mühüm və vacib bir ərazi olduğunu diqqətdə saxlamağı tövsiyyə etmişdir. Ulu öndərimizin siyasi kursunun layiqli davamçısı, Ali baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu 8 noyabr 2020–ci ildə Şuşa şəhərini düşməndən azad etdi və bu tarixi gün Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazıldı.
Müzəffər Ali Baş Komandanımız “Şuşa bizimdir! Qarabağ bizimdir!” deyərək bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etdi. Cənab prezidentimiz ata vəsiyyətini yerinə yetirərək, Şuşanı azad etdi.
İllər öncə Azərbaycan xalqına verdiyi sözləri həyata keçirdi. Ali Baş Komandanımız “Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir...!” deməklə Azərbaycan xalqının qəlbində ümid çıraqlarını yandırmişdı. Artıq “Şərqin Konservatoriyası” adlandırılan qədim Şuşamızda Azərbaycanın ay ulduzlu, üçrəngli bayrağı dalğalanır.
Cənab Prezident İlham Əliyev Şuşanı azad edən gün :
• Əziz Şuşa, sən azadsan!
• Əziz Şuşa, biz qayıtmışıq!
• Əziz Şuşa, biz səni dirçəldəcəyik!
deyərək və bu fikirləri rəhbər tutaraq daha sonra Şuşa şəhərinin abadlaşdırılması və dirçəldilməsi üçün sərəncamlar vermişdir.
Cənab Prezidentimiz İlham Əliyev 2021–ci ilin fevralında dövlət televiziyasına verdiyi müsahibəsində Şuşanın mədəniyyət paytaxtı elan ediləcəyini vurğulamışdı. Qeyd olunan Sərəncamın imzalanma tarixi kimi məhz 7 may 2021-ci ilə təsadüf etdi. Bu tarix özündə mühüm məna kəsb edir. Çünki, Şuşa 1992-ci il mayın 8-də işğal olunmuşdu. Ermənilər sonradan hər il həmin günü qələbə bayramı kimi qeyd edir, tədbirlər keçirirdilər.
Lakin bundan sonra Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi tariximizi saxtalaşdırmağa cəhd edən ermənilərdə və onlara havadar olan digər dövlətlərdə də sağalmaz yara izləri saxlayacaqdır.