28.04.2021

Tarix siyasətin qurbanına çevrilir

ABŞ Prezidenti C.Baydenin 24 aprel tarixində Qondarma “erməni soyqırımı” nın tanınması ilə bağl verdiyi bəyanat beynəlxalq münasibətlər sistemində “ikili standartlar” siyasətininin nümunəsidir. Yüz il bundan əvvəl baş vermiş hadisələr təhrif edilərək təqdim edilmişdir. Lakin, 30 il bundan əvvəl Azərbaycanlılara qarşı Ermənistan tərəfindən törədilmiş Xocalı faciəsinə hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir;

Rəsmi Ankara dəfələrlə qeyd etmişdir ki, 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Bunun üçün beynəlxalq səviyyədə komissiya yaradılmalı, tarixçilər bu məsələni araşdırmalı və həqiqət üzə çıxarmalıdırlar. Eyni zamanda Türkiyə dövləti bu məqsədlə öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu dəfələrlə qeyd edib. Lakin Ermənistan Türkiyənin bu təklifini rədd etmiş, baş vermiş hadisələri daima ört–basdır etmiş və özünü məzlum dövlət kimi qələmə vermişdir. Siyasi məqsədlər üçün tarixin saxtalaşdırılması yolverilməzdir. Bu cür bəyanatların məqsədi hansısa qüvvələrin marağına xidmət etməkdən irəli gəlir.  

Bu cür qərəzli bəyanatların verilməsi bölgədə dayanıqlı sülhün bərpa olunmasına ciddi mane olacaq amillərdən biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu bəyanat regionda yaranmaqda olan əməkdaşlığa ciddi zərər vurur və uzun müddətli sülhə təhdid törədir

Qondarma “erməni soyqırımı” məsələsini siyasiləşdirərək gündəmə gətirənlər unutmamalıdır ki, onlar erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirirlər.

Ermənilər daima qarşı soyqırımı törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərmişdir və bunun üçün müxtəlif təxribatlara əl atmışdır.

Ermənistana təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin onlara verilməsi kimi cəfəng tələb və iddialar Ermənistan dövlətinin necə bir məkrli siyasət yürütdüyünün təzahürüdür. Ermənistanın bu məkrli siyasəti təkcə Türkiyəyə qarşı deyil, eyni zamanda Azərbaycana qarşı yönəlib. Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülməsi, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən Xocalı şəhərində amansız cinayət törədilməsi təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Bu hadisələrə beynəlxalq təşkilatlar tərəfindən  siyasi və hüquqi qiymətin verilməməsi ikili siyasətin təcəssümüdür.

Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında baş tutmuş  telefon danışığı zamanı dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar bəyanatını qınayıblar. Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırıb və Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb.