1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra, əsas prioritet məsələlərdən olan ordu quruculuğuna gərgin siyasi bir şəraitdə başlanıldı. Heydər Əliyev Respublikada hakimiyyətə gəldikdən sonra ordu quruculuğunda ilkin əsaslı islahatlar aparıldı, nizami ordunun formalaşmasına şərait yarandı. Prezident özü cəbhə bölgələrinə gedərək konkret tədbirlər müəyyənləşdirdi. Bununlada 1993-cü ilin dekabrında ermənilərin Beyləqan istiqamətində tank hücumunun qarşısı alındı. 1994-cü il yanvarın 5-də Füzuli rayonunun 22 kəndi və Horadiz qəsəbəsi düşməndən azad olundu. Fevralda isə Cəbrayıl və Kəlbəcər rayonlarının bir sıra yaşayış məntəqələri azad olundu. Nəhayət 1994-cü il mayın 12-də Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəs elan olundu.
2002-ci il avqustun 17-də prezident fərmanı ilə “Azərbaycan Republikası Silahlı Qüvvələrinə Yardım Fondu” təsis edildi.
H.Əliyevin əsasını qoyduğu ordu quruculuğu prosesini onun layiqli davamçısı İ.Əliyev davam etdirdi. Onun 2005-ci il dekabrın 16-da “Müdafiə Sənayesi” nin yaradılması haqqında imzaladığı sərəncam ordu quruculuğunun daha dinamik aparılmasına şərait yaratdı. Nazirliyin istehsal etdiyi məhsulların 80%-i müdafiə təyinatlıdır.
İlham Əliyevin “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var” devizi altında qısa müddətdə ordu quruculuğunda böyük işlər aparıldı. Bunun nəticəsi olaraq 2014-cü ilin yayında, 2015-ci ilin sentyabrında və 1-5 aprel 2016-cı il Qarabağda “Aprel Döyüşlərində” erməni qüvvələri geri oturduldu. Ordumuz düşmənin müdafiə xəttini yardı, Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan məntəqəsi azad olundu. Strateji əhəmiyyətli “Lələ təpə” yüksəkliyi ordumuzun nəzarətinə keçdi. Bütün bunlar Azərbaycanın hərbi qüdrətini bir daha gözlər önünə sərdi. 2018-ci il 20-27 mayda Naxçıvanda Əlahiddə Ümumqoşun ordumuzun uğurlu əməliyyatı nəticəsində isə Şərur rayonunun Ağbulaq, Qızılqaya yüksəklikləri və Günnüt kəndi, 11 min hektar ərazi və İrəvan-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət ordumuza keçdi.
Ən müasir silahlarla, döyüş texnikaları ilə təmin edilən Silahlı Qüvvələrimizi peşəkar zabit kadrları ilə komplektləşdirən H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Cəmşid Naxçıvanski və H.Əliyev adına Hərbi Liseylərdə tədris proqramları yenilənib və zənginləşdirilib ki, bu da zabit kadrları hazırlığının NATO standartlarına uyğunluğunu təmin edir.
Bakıda iki dövlət–Türkiyə və Azərbaycan arasında keçirilən TurAz Qartalı-2017 taktiki təlimləri, eləcə də Dəniz Kuboku-2017 yarışı ordumuzun hərbi gücünə güc qatdı.
Ali Baş Komandanın uzaqgörən siyasəti nəticəsində İsrail, Rusiya, Türkiyə kimi dövlətlərdən ən müasir silahlarla ordumuz təmin edildi. Beləliklə Cənubi Qafqazın ən güclü ordusu yaradıldı. Bu da İkinci Qarabağ müharibəsidə qələbəmizi qətiləşdirdi. 30 illik siyasətin bəhrəsi görüldü. Xalq-iqtidar birliyi prezidentimizin diliylə desək “Dəmir Yumruq” Ermənistanı əzib keçdi. Biz uzaqgörən Ali Baş Komandan, güclü ordumuz və xalqımızın dəstəyi ilə ərazi bütövlüyümüzü öz hesabımıza bərpa etdik.