31.03.2021

Azərbaycanlıların soyqırımının 103-cü il dönümü ilə əlaqədar videokonfrans keçirilib

Martın 31-də Azərbaycanlıların soyqırımının 103-cü il dönümü ilə əlaqədar onlayn video-konfrans keçirilib

Konfrans Lənkəran Şəhər Təhsil Şöbəsinin, Şəhər Gənclər və İdman İdarəsinin, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Lənkəran Bölgəsi üzrə şöbəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə keçirilib. İlk öncə tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Quba Soyqırımı Memorial Kompleksinə və Sütəmurdov kəndi ərazisində Soyqırım qurbanlarının dəfn edildiyi əraziyə virtual səyahət təşkil edilib.

Konfransda Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə, DQDK Lənkəran Bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Sütəmurdov kənd orta məktəbinin direktoru Kamran Əliyev və gənc könüllü Allahverən Hüseynzadə çıxış edərək 31 Mart-Azərbaycanlıların soyqırımı ilə bağlı konfrans iştirakçılarına ətraflı məlumat verdilər. Erməni millətçiləri tərəfindən xalqımıza qarşı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Lənkəran, Şamaxı, Quba, Xaçmaz, , Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə törədilən soyqırım və təcavüz siyasətinə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ilk dəfə hüquqi-siyasi qiymət verildiyini, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli Fərmanının tarixi əhəmiyyət daşıdığını vurğuladılar.

Eyni zamanda bildirildi ki, ermənilərin Xalqımıza qarşı törətdiyi soyqırım cinayətlərinin dünya ictimaiəti və beynəlxalq təşkilatları tərəfindən tanınmasına Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasət nəticəsində nail olunmuşdur. Bu tarixi unutmamaq və gələcək nəsillərin qan yaddaşına çevirməyin bizim hər birimizin vəzifə borcu olduğu qeyd edildi və hər birimizin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycanlı olmağımızla fəxr etməli, qürur duymalı, xalqımızın qanı bahasına əldə olunmuş müstəqil Azərbaycan dövlətini yaşatmaq və inkişaf etdirmək üçün bütün səylərimizi səfərbər etməli olduğu vurğulandı.

Məlumat üçün bildiririk ki, konfransda Lənkəran Şəhər Təhsil Şöbəsinin, Şəhər Gənclər və İdman İdarəsinin, DQDK Lənkəran Bölgəsi üzrə şöbəsinin, GİKM Lənkəran nümayəndəliyinin və Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin kollektivləri, rayon gəncləri və məktəbli şagirdlər iştirak etdilər.


Açar sözlər: