28.03.2021

Vətən müharibəsi XXI əsrin müharibəsidir

Baharın ilk günlərini yaşayırıq. Sanki bu Bahar əvvəlki illərdən daha fərqli gəlib. Dahi şairimiz Mikayıl Müşfiqin misraları yadıma düşdü: “Bu yaz başqa bir yazdır”. İllər öncə qələmə alınmış misralar bu günümüzlə daha çox uzlaşır. Cünki bu il yurdumuza qədəm qoyan Novruz bir başqa abu–hava bəxş edir. Ötən 30 ildə bayramları qeyd edərkən bir dilək tuturduq–“Novruz tonqallarımız Qarabağda alovlansın”. Artıq diləklərimiz gerçək oldu.

Başda Ali Baş Komandanımız Cənab İlham Əliyev olmaqla, əyilməz, sarsılmaz və müzəffər ordumuz Qarabağımızı düşmən tapdağından azad etdi. Bununla da Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, özü də buna güc yolu və siyasi vasitələrlə nail oldu. Məğlub Ermənistan cənab Prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu bütün şərtlərlə razılaşmaq məcburiyyətində qaldı.

Artıq işğaldan azad olunmuş bütün torpaqlarımızda məğrur, enilməz üçrəngli bayrağımız qururla dalğalanır. Bu torpaqlarda yenidən həyat canlanır, yeni–yeni layihələr hazırlanıb və gerçəkləşdirilir. Layihələrin təməlqoyma mərasimlərində Cənab prezidentimiz İlham Əliyev və ailə üzvləri özü şəxsən iştirak edib, xeyir-dua verir. Bu addım bir daha torpaqlarımızın hər qarışının dövlət başçımız üçün nə qədər önəmli olduğunu və babalardan miras qalan əmanətə nə qədər sadiq qaldığını sübut edəcək bir faktdır.

Martın 15-də Cənab prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar. Müzəffər Ali Baş Komandan İlham Əliyev Hadrut qəsəbəsində Azərbaycan bayrağını qaldırdıqdan sonra hərbi əməliyyatların gedişi barədə danışarkən bildirib ki, “Artıq Hadrut bizim əlimizdə olan zaman Ermənistan rəhbərliyi, rəsmi şəxslər və eyni zamanda, Ermənistanın dəyirmanına su tökən bəzi xarici jurnalistlər bəyan edirdilər ki, Hadrut ermənilərin əlindədir. Mən bu günə qədər başa düşə bilmirəm ki, Ermənistan rəhbərliyi nə üçün öz xalqını aldadırdı. Biz dəqiq bilirdik ki, Hadrut bizdədir. Biz bilirdik ki, artıq Ermənistan ordusu burada tamamilə məhv edilib və sağ qalan erməni hərbçilər buradan qorxaqcasına qaçıb dağlarda gizlənmişdilər”. “Füzuli şəhəri Hadrutdan sonra, oktyabrın 17-də azad edildi. Ermənistan ordusu bizi məhz digər istiqamətdə gözləyirdi. Ancaq müharibə qaydalarına əməl edərək, strateji planlaşdırmanı düzgün icra edərək biz Cəbrayıldan sonra Hadrutu, ondan sonra Füzulini işğaldan azad etdik.” Cənab Prezident İlham Əliyev deyib ki, Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. “Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Hadrutun azad edilməsi Şuşa əməliyyatının uğurlu keçirilməsində önəmli rol oynayıb. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq”, - deyə Prezident vurğulayıb.

Əvvəlcə Prezident İlham Əliyev Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyub. Bu yol başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Dövlət başçısı bildirib ki, bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır: “Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş torpaqların bərpası başlamışdır. Füzulidən Şuşaya yol çəkilir-Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək”. Cənab İlham Əliyev Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun da təməlini qoyub.

İşğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət rəsmi İrəvanın vandalizm siyasətinin sübutudur. Mənfur düşmən ilk insan məskənlərindən biri olan Azıx mağarasında qanunsuz tədqiqatlar apararaq daha sonra bu tarixi abidəni silah anbarı kimi istifadə etmişdir. Düşmən tərəfindən dağıdılmış, şəhərlərimiz, tarixi abidələrimiz bir daha Ermənistanın nə qədər vandal və aciz bir dövlət olduğunu dünyaya sübut edir. Onlar bu dağıntıları törətməklə bu torpaqlara heç vaxt sahib olmayacaqlarınını özləri də bilmədən açıq-aydın bəyan etmiş oldular. Bu dağıntılardan görünür ki, yağı düşmən bizim bütün yaşayış məntəqələrimizi xarabalığa çevirməklə güya tarixi irsimizi itirməyə cəhd edib. Amma tarix hər zaman hər şeyi yerinə qoyub. Bu torpaqlar qədim Azərbaycan yurdudur. Osmanlı Sultanı I Süleyman Qanuni demişdir: “Azərbaycan torpaqlarını tutmaq asan, amma orada möhkəmlənmək və əldə saxlamaq çox çətindir”. Bəli, bu həqiqətən də belədir.

Çünki Aərbaycanın öz Ali Baş Komandanı ətrafında “Dəmir Yumruq” kimi birləşmiş xalqı və yenilməz Ordusu vardır. Bu birliklə hələ daha çox zirvələr fəth olunacaq!!!


Açar sözlər: