İnkişaf etməkdə olan respublikamızda İT savadlılığı və son texnologiyanın önəmi olduqca əhəmiyyətlidir. Bu baxımdan XXI əsrin son nailiyyətlərindən biri olan STEAM təhsilinin məktəblərdə tədrisi gələcəyimiz olan şagirdlərin nanomühəndislər, nanotexnoloqlar və digər sahələrdə inkişaf etməsinə təkan verən tədris sahəsidir.
STEAM təhsil metodu şagirdlərə beş sahənin elm (science), texnologiya (technology), mühəndislik (engineeraing), incəsənət (art) və riyaziyyatın (math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub.
STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir.
Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin STEAM üzrə aparıcı müəllimləri 2019-cu ilin dekabr ayının 8-dən 22-dək Türkiyə Respublikasında təlimdə olmuş, STEAMın tədrisdə tətbiqi sirlərinə dərindən yiyələnmişlər.
Türkiyə Respublikasında STEAM təlimində biologiya fənn müəllimi Gülnarə Abbasova, fizika fənn müəllimi Sehranə Abdullayeva və riyaziyyat fənn müəllimi Aynur Səlimova iştirak edib.
Artıq 2020-2021-ci tədris ilindən A.Məhərrəmov adına şəhər 7 nömrəli tam orta məktəbində VI siniflərdə STEAM dərslərinin tədrisinə başlanılıb və şagirdlərdə bu elmə maraq oyanıb. Hər üç müəllim STEAM dərslərinin tədrisi zamanı şagirdlərdə bir çox bacarıqları aşkar edərək, onlara müxtəlif layihələrin hazırlanması üçün istiqamət göstərilib. Bu dərslərdə mütəmadi olaraq şəhər 7 nömrəli tam orta məktəbin şagirdləri robotlar, ev maketləri və digər əl işləri hazırlayaraq təqdimat keçirirlər.
Şagirdlər micro bitlər, 3D qələmlər, 3D printerlər sayəsində müxtəlif layihə işlərini komanda və ya fərdi şəkildə həyata keçirir. Həm müstəqil qərar vermə bacarıqları və gələcəkdə zəruri olan avadanlıqların inşası üçün artıq indidən müxtəlif fikirlər irəli sürürlər.
Gələcəyimiz olan şagirdlərin həyatda müxtəlif bacarıq və vərdişlərə yiyələnməsində STEAM təhsili təməl hesab olunur.