11.03.2021

Son 17 ilin uğurları

1990-cı illərin əvvəllərində gənc müstəqil Azərbaycan dövləti bir sıra çətinliklərlə üzləşmişdi. Hakimiyyət dairələrində movcud olan xaos cəmiyyətdə depressiya və ümidsizlik yaratmışdı. İnsanlarda heç bir siyasi qüvvəyə nə iqtidara, nə də müxalifətə inam qalmamışdı.  Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü yalnız öz maraqlarını güdürdü. Hakimiyyətə gələn təsadüfi, səriştəsiz və biliksiz insanlar ölkəni idarəolunmaz vəziyyətə gətirib çıxarmışdılar. Bu insanlar eynən 2018-ci ildə Ermənistanda siyasi hakimiyyətə gələn insanlar kimi idi. Ölkə talanırdı. Hakim dairələr müharibə gedə-gedə Ermənistana yanacaq satırdılar. Hakimiyyətə qarşı narazılıq edənləri həbs edir və işgəncələr verirdilər. Onların siyasi səriştəsiziliyi üzündən bəzi qonşu dövlətlərlə münasibətlər pisləşmiş və Azərbaycanı bölgədə təcrid olunmuş vəziyyətə salmışdı. Lakin bu gün YAP-ın yeritdiyi düzgün siyasət nəticəsində Azərbaycanın qonşu dövlətlərlə münasibəti dostluq səviyyəsindədir. Bu siyasətin nəticəsi olaraq hal hazırda Ermənistan bölgədən təcrid olunmuş dövlətdir.

90-cı illərin əvvəllərində ölkə daxilində baş verən xoşəgəlməz proseslər, hakimiyyət daxilindəki çəkişmələr Azərbaycanın müstəqilliyi üçün təhlükə yaratmışdı. AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Bütün bu hadisələr YAP-ın yaranmasını tarixi zərurətə çevirdi. Ulu Öndər Heydər Əliyevin siyasi təcrübəsinə, bilik və bacarıqlarına bələd olan xalq Azərbaycanı bu vəziyyətdən yalnız onun çıxara biləcəyini yaxşı başa düşürdülər. Azərbaycan xalqı Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi xidmətləri, eyni zamanda Naxçıvanda çalışdığı dövrdəki fəaliyyətini və öz xalqına sadiq olduğunu gözəl bilirdi. Bunun nəticəsi olaraq məhşur “91-lər” Ulu Öndərə müraciət edərək onun yenidən siyasi hakimiyyətə qayıtmasını təkidlə ondan xahiş etdilər. Bakıda  YAP-ın təsis qurultayının keçirilməsinə o vaxtkı iqtidar icazə vermədi. Onlar Heydər Əliyev fenomenindən qorxurdular, bilirdilər ki, təsis qurultayının Bakıda keçirilməsi hakimiyyətlərinin sonu olacaq.

YAP-ın yaranması Azərbaycanın tarixində yeni bir səhifə açdı.  Yaranmasından heç bir il keçməmiş Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi. Bu artıq ölkəmizin böhrandan çıxışının başlanğıcı idi. Azərbaycanın əsl müstəqillik tarixi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycanın sözdə olan müstəqilliyini faktiki olaraq bütün dünyaya tanıtdırdı. Ölkədə köklü islahatlara başlanıldı. 20 yanvar hadisələrinə siyasi qiymətin verilməsi, Konstitutsiyanın qəbulu, siyasi senzuranın ləğvi, Azərbaycanın beynəlxalq miqyasda hörmətə layiq olan bir ölkə kimi tanınması, Ordu quruculuğu, kadrların yetişdirilməsi, Azərbaycana beynəlxalq investisiyaların cəlb edilməsi və digər bu kimi mütərəqqi işlər Ulu Öndərin fəaliyyətinin nəticəsi olmuşdur.

2003-cü ildə keçirilmiş prezident seçkilərində xalq yenə də Heydər Əliyev siyasətinə səs verdi. İlham Əliyev Prezident vəzifəsinə seçildi. Onun rəhbərliyi ilə Azərbaycan son 17 ildə tarixi uğurlara imza atıb. Bu tarix Azərbayca üçün yeni bir dövrdür. Məhz bu illər “Vətən müharibəsi” modelinin tətbiqi üçün hazırlıq dövrü olmuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan torpaqlarını sülh yolu ilə qaytara bilməsə, müharibə yolu ilə buna nail olacaqdır.  Ölkə rəhbərliyinə böyük ölkələr tərəfindən təzyiq olunmasına baxmayaraq, Azərbaycan öz torpaqlarını geri qaytardı. Düzgün siyasətin nəticəsi olaraq gənc nəsil Vətənə sevgi hissi ilə yetişdirildi. Onlarda ölkə rəhbərliyinə inam və  düşmənə nifrət hissi torpaqlarımızın azad olunmasında əhəmiyyətli rol oynadı. Azərbaycanın qəhrəman övladları canından keçərək torpaqlarımızı işğaldan azad etdilər. Azərbaycan iqtidarının siyasətinin xalq tərəfindən dəstəklənməsi qələbədə mühüm rol oynadı. Beynəlxalq maliyyə qurumları neft kəmərlərinin Ermənistan ərazisindən keçməsi üçün Azərbaycana təzyiqlər etmişdir. Lakin Azərbaycan Prezidenti xalqın maraqlarını üstün tutaraq heç vaxt buna razı olmadı.

Bundan sonra da Azərbaycan xalqı ölkə başçısının  milli maraqlarına  xidmət edən siyasətinə dəstək verəcək və bunun nəticəsi olaraq xalq iqtidar birliyinin sayəsində Azərbaycan daha da zirvələrə yüksələcəkdir.


Açar sözlər: