06.03.2021

Azərbaycan xalqların birgəyaşayış modelinin nümunəsi kimi

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Azərbaycanın tarixən birgəyaşayış modelinin universal nümunəsi olduğunu bir daha göstərdi. Prezident qeyd etdi ki, Azərbaycan ərazisində müxtəlif xalqların nümayəndələrinin birgəyaşayışı ilə bağlı təsəvvürlər mövcuddur. Azərbaycanda heç vaxt dini, milli və etnik zəmində qarşıdurmanın olmaması digər xalqların nümayəndələrinin dinc və azad şəkildə yaşamaları üçün şərait yaratmışdır. Yüz illər ərzində müxtəlif  xalqların nümayəndələri  Azərbaycanda  bir ailə kimi yaşamışdır. Bunu eyni zamanda erməni xalqına da aid etmək olar. Onların Azərbaycan ərazisində yaşamasının böyük tarixi vardır. 

Eynin zamanda müxtəlif ölkələrdə elə yaşayış məntəqələri vardır ki, orada azərbaycanlılar və ermənilər birgə yaşayırlar. Prezidentin qeyd etdiyi kimi qarabağda azərbaycanlılarla yanaşı erməni xalqının nümayəndələri də yaşayır. Onlar Azərbaycan vətəndaşlarıdır. Azərbaycan ərazisində yaşayan digər xalqların nümayəndələrinin hüquqları qnunla qorunur. Onların öz ana dillərində sərbəst danışmaq hüquqları və digər imtiyazları mövcuddur. Azərbaycan dövlətində  digər xalqların nümayəndələrini dilləri qorunduğu kimi erməni dili də qorunacaqdır. Eynı zamanda nəzərə alınmalıdır ki, sovet dövründə ermənilərin yaşadıqları Azərbaycan ərazisində erməni dilində mətbuat fəaliyyət göstərirdi, onların öz dillərində təhsil almaq hüququ var idi. Bütün bunlar Azərbaycanda digər xalqların nümayəndələrinin birgəyaşayışının gözəl nümunələrindəndir. Artıq Dağlıq Qarabağ münaqişəsi arxada qalmışdır.

Hal hazırda qarşıda duran əsas məsələlərdən biri də regionda sülhün bərpa olunması və davamlı inkişafı bərpa etməkdir. Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı 10 noyabr bəyanatı bunu həyata keçirmək üçün əlverişli zəmin yaratmışdır. Hər üç dövlət imzalanmış bəyanata ciddi yanaşmaqla sülhün təmin olunmasına öz tövhəsini verəcəkdir. Bu düşmənçilik səhifəsini çevirmək üçün yeganə yoldur. Azərbaycan həmişə regionda sülhün bərpa olunması mövqeyindən çıxış etmişdir. Ermənistan da bu mövqedən çıxış etməlidir. Üçtərəfli bəyanatda nəzərdə tutulan layihələrin - bölgədə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin açılması, nəqliyyat baxımından maneələrin aradan qaldırılması regionda sülhün inkişafına böyük təkan verəcəkdir. Bu baş tutarsa, Ermənistan da mənfəət əldə edəcəkdir. Regionda bərpa olunan sülh nə qədər uzun müddətli və davamlı olarsa bölgənin sosial-iqtisadi və siyasi inkişafı da bir o qədər sürətli olar. Ermənistan  sülhün xeyrini görəcək və bölgədə sülhün nə qədər əhəmiyyətli olduğunu dərk edəcək. Azərbaycan sülhün tərəfdarı olduğunu bir daha özünün daha əməli hərəkətləri ilə sübut edir. Bununla belə Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Azərbaycan hər hansı bir təhlükə görərsə, bunu özünə ciddi təhlükə hesab edəcək, buna dərhal cavab verəcəkdir. 

Müharibədən bir neçə ay keçməsinə baxmayaraq Azərbaycan və Ermənistanın rəsmi şəxsləri arasında əlaqələr yaradılır və görüşlər keçirilir. Görüşlərdə üçtərəfli bəyanatdan irəli gələn məsələlər müzakirə olunur, onların reallaşması üçün vasitələr müəyyənləşdirilir.  Bu proseslərə artıq start verilmişdir. Bu proseslər müsbət istiqamət üzrə davam etdirilir. Çox güman ki, bu proseslin özü də bolgədə sülhün bərpasına və davamlı inkişafa xidmət edəcəkdir.

Qaçqınların və məcburi köçkünlərin öz torpaqlarına qayıdış planı artıq hazırlanmışdır. Onların mərhələli şəkildə öz torpaqlarına qayıdacağı nəzərdə tutulmuşdur. Bunun üçün ilk növbədə zaman lazımdır. Çünki ermənilər 30 ilə yaxın bir vaxt ərzində işğal altındakı Azərbaycan torpaqlarında ancaq dağıntı aparmışlar. Yaşayış məntəqələrini yerlə yeksan etmişlər. Onlar hətta Azərbaycan xalqının milli mədəni abidələrini belə dağıtmışlar. Bu ərazilərin bərpası Azərbaycan üçün ən vacib məsələlərdəndir. Məcburi köçkünlər işğaldan azad edilmiş öz doğma yurdlarına qayıtmaq vaxtını səbirsizliklə gözləyirlər. Eyni zamanda Qarabağın ermənilər yaşayan ərazilərinə də azərbaycanlıların qayıdacağı labüddür. 

Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar. Noyabrın 10-da imzalanmış Bəyanatda bu, göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, süni əngəllər yaratmaq istəsə ancaq özünə zərbə vurmuş olar.”


Açar sözlər: