03.03.2021

Azərbaycan–Türkiyə qardaşlığı sarsılmaz və əbədidir

2020-ci ilin payızı Azərbaycan ordusunun zəfərlərinə görə ruhumuzun fəsli, təbiətin bundan sonrakı  min illəri üçün beşinci fəsli oldu. Azərbaycan xalqı Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin “dəmir yumruğu” ətrafında vəhdət şəklində birləşdi və illərlə gözləniləni həyata keçirdi.

Ermənistanın ərazi iddiaları, “Böyük Ermənistan” yaratmaq röyası, ermənistanın ölkəmizə qarşı elan edilmədən müharibəyə başlamasına səbəb oldu.  SSRİ Silahlı Qüvvələrinin Xankəndidə yerləşən 366-cı ala­yı­nın fəal iştirakı ilə ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistan Azərbaycan torpaqlarını işğal etdi, neçə-neçə yaşayış məntə­qə­sində faciə, Xocalı şəhərində əhalimizə qarşı soyqırım törətdi. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Azərbay­ca­nın haqlı tələblərinə ikili standart göstərərək münasibət bildirmədi. BMT kimi nüfuzlu beynəl­xalq təşkilatın qəbul etdiyi qərarları yerinə yetirməyən Ermənistana qarşı heç bir sanksiya tət­biq edilmədi. Azərbay­can dövlətinin Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyi Ermənistanın danışıqlardan yayınması, status-kvonu saxlama cəhdləri səbəbindən mümkün olmurdu. Dünyanın aparıcı dövlətləri, ATƏT-in Minsk qru­pu­nun həmsədri olan dövlətlər də bu münaqişənin ancaq sülh yolu ilə həll edil­mə­si­ni vacib sayırdı.

Ermənistan ötən 29 il ərzində atəşkəsə əməl etmir, irimiqyaslı təxribatlar törətmək istə­yir­, işğal etdiyi ərazilərdən Azərbaycan ərazilərini müntəzəm atəşə tuturdu. Azərbayca­nın ordu hissələri düşmənin atəş mənbələrini susdururdu. 2015-ci ilin avqust, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu mühüm strateji qələbələr qazandı.

2020-ci ilin iyulunda Ermənistan dövlət sərhədini pozmağa cəhd etdi. Azərbaycan Ordusunun hissələri hücumun qarşısını qə­tiy­yət­lə aldı, ağır itkilərə mə­ruz qalan düşmən geri çəkildi.

Ötən ilin sentyabr ayının 27-də düşmən tərəfi müxtəlif təyinatlı silahlardan, artilleriya qurğularından is­­ti­fadə etməklə təmas xəttini keçməyə cəhd göstərdi. Ordu hissələrimiz  bu hücumun da qarşısını qətiyyətlə aldı, Ali Baş Ko­mandanın əmri ilə əks-hücum əmə­liy­yatına – Vətən Müharibəsinə başladı.

Rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında döyüş və mənəvi-psixoloji hazırlığı, qətiyyəti ilə düşmənin illərlə möhkəmləndirdiyi müdafiə qurğularını dar­ma­dağın etdi. Bu, 29 il ərzində həll edilməyən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsininin həll edilməsi üçün atılan doğru addım idi.

Dö­yüş­lərin ilk gün­lə­rində minlərlə gənc könüllü olaraq döyüşlərə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdi. Kifayət qədər yüksək döyüş hazırlığına malik olan Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmrini qələbələrlə davam etdirdi.

Döyüşlərdə ağır itkilərə məruz qalan Ermənistan həmişə olduğu kimi havadarlarına müraciət edərək Azər­baycanın atəşi dayandırmasını xahiş etdi. Bu artıq Ermənistanın məğlubiyyətinin etirafı idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın müxtəlif  tele-kanallarına müsahibələrində münaqişənin ma­hiy­yəti, sülh yolu ilə həlli istiqamətində səylər, işğalçı dövlətin danışıqlardan yayınması, dövlət sərhədlərini pozmaq cəhdləri və s. haqqında ətraflı məlumat verdi. Dünya ictimaiyyəti Azər­bay­can Prezidentinin qətiyyətini, dövlətə, dövlətçiliyə, azərbaycançılığa sədaqətini gör­dü. Azərbaycan xalqı inanırdı ki, Vətən müharibəsi Böyük Qələbə üçündür və Ali Baş Koman­da­nın sərkərdəliyi ilə Vətən Müharibəsi ordumuzun qəti qələbəsi ilə başa çatacaq.

Oktyabrın 3-də Suqovuşan, oktyabrın 4-də Cəbrayıl, oktyabrın 9-da Hadrut, oktyabrın 17-də Füzuli, oktyabrın 21-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 9-da Şuşa azad edildi. Qarabağın vətən həsrətinə son qoyuldu.

Azərbaycan əsgərinin qələbə ruhunun təntənəsi kimi indi işğaldan azad edilmiş torpaqları­mız­­da qalibiyyət bayrağı dal­ğalanır.

Vətən Müharibəsinin ilk günlərindən başlayaraq qardaş Türkiyə Azərbaycanın haqq işinə hər zaman olduğu kimi dəstək verdi, onun yanında olduğunu bütün dünyaya göstərdi. Bu Ümummilli lider Heydər Əliyevin dediyi kimi "bir millət - iki dövlət" təliminin nə qədər böyük həyati gücə və geniş imkanlara malik olduğunu, xalqlarımız arasındakı tarixi-mədəni bağların, dil və din birliyinin əbədi olduğunu bir daha təsdiq etdi.  Müharibə dövründə ilk günlərdən başlayaraq Türkiyə Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Qardaş Türkiyənin Prezidenti ilə yanaşı yüksək vəzifəli rəsmiləri də birmənalı olaraq Azərbaycana çox böyük siyasi və mənəvi dəstək verdilər. Necə ki, bir əsr bundan qabaq Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu tarixin məsuliyyətli bir dövründə azərbaycanlı qardaşlarının yanında yer almışdı. Türkiyə Respublikasının Prezidentinin obyektiv və sərt bəyanatları, atdığı qətiyyətli addımlar, onun düşünülmüş diplomatik gedişləri Azərbaycanın qədim ərazilərini qaytarmaq uğrunda aparılan müharibənin uğurlu gedişinə təkan verməklə yanaşı, xalqımıza və əsgərlərimizə böyük ruh yüksəkliyi gətirdi. Tariximizin çətin anlarında Türkiyə rəsmilərinin, tanınmış siyasi xadimlərinin Azərbaycana səfərləri, görkəmli elm və ədəbiyyat adamlarının dəstəyi, ən çətin sınaq məqamlarında ürəkdən gələn birlik və həmrəylik nümayiş etdirmələri, müharibə dövrünün tarixi salnaməsinin qiymətli səhifəsi və gerçək mənəvi dəstək nümunəsi oldu. Türkiyə televiziyalarının, informasiya agentliklərinin qaynar nöqtələrdə, ən çətin şəraitdə Azərbaycan kütləvi informasiya vasitələri ilə çiyin-çiyinə göstərdiyi operativ fəaliyyət, verdikləri xəbərlər informasiya müharibəsi cəbhəsində üstünlüyümüzə, Azərbaycanın ədalətli müharibəsi haqqında haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Müharibə dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin keyfiyyətini gördü. Azərbaycan Türkiyə istehsalı olan müdafiə sistemlərindən məharətlə istifadə edərək Vətən Müharibəsində üstünlüyünü təmin etdi. Əsrlər öncə başlamış bu birlik və qardaşlıq Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin bütün dövrlərdə bir yerdə olduğunun və hər zaman yüksələn xətlə inkişaf etdiyinin növbəti göstəricisi oldu. Hazırda bölgədə Rusiya-Türkiyə Monitorinq Mərkəzi yaradılmışdır. Bu monitorinq mərkəzinin əsas məqsədi bölgədə təhlükəsizliyə nəzarət etmək, münaqişə zonasında baş verə biləcək hər hansı bir qarşıdurmanın qarşısını almaqdır. Monitorinq Mərkəzinin fəaliyyətə başlaması bölgədə sabitliyi qorumaq üçün önəmli addımdır.

Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir Azərbaycan-Türkiyə ortaq hərbi təlimlərimiz keçirilir. Gələcəkdə Azərbaycanda Türk Ordusunun kiçik modelinin yaradılması da nəzərdə tutulmuşdur.

2020-ci ilin 10 noyabr tarixli Bəyanatın bir bəndində Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən dəhlizin açılması qeyd olunub. Bu planın yaxın zamanlarda reallaşması üçün əməli addımlar davam etdirilir. Hər zaman olduğu kimi bu gün də Türkiyə ilə maddi-texniki əməkdaşlığımız davam edir. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası, qarşılıqlı əməkdaşlıq, ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün yeni imkanlar yaradılır. Artıq türk şirkətləri Qarabağın inşaat, yenidənqurma, infrastruktur və tarixi abidələrimizin bərpası işlərində fəal iştirak edir.

İki qardaş ölkə Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Qardaş Türkiyə ilə bütün sahələri əhatə edən qarşılıqlı əməkdaşlıq, strateji tərəfdaşlıq, müharibə dövründəki böyük siyasi və mənəvi dəstək istənilən istiqamətdə, inkişafın əsas dayağı və hərəkətverici qüvvəsidir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə çox müsbət rol oynayır və bu bölgənin sabitliyi üçün çox önəmlidir.


Açar sözlər: