20.12.2019

Gənc müəllimlərlə görüş keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2019-cu ildə test üsulu ilə keçirdiyi müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün mərhələlərindən müvəffəqiyyətlə keçib Lənkəranın ümumtəhsil məktəblərinə təyin olunan gənc müəllimlərlə Lənkəran Şəhər Təhsil Şöbəsinin rəhbərliyi 20 dekabr 2019-cu il tarixdə görüş keçirib.

Görüşdə Lənkəran ŞTŞ-nın müdiri Aslan İbrahimov gənc müəllimləri salamlayıb, respublikamızda aparılan təhsil islahatları çərçivəsində gənc mütəxəsislərin üzərinə düşən vəzifələrdən danışıb. Rayon mərkəzindən uzaq məsafədə yerləşən və ixtisaslı kadrlara ehtiyac olan məktəblərdə işləyən müəllimlərə dövlətimizin diqqət və qayğı göstərdiyini qeyd edib. A.İbrahimov bildirib ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq həmin müəllimlərdən 62 nəfərinə H1, 31 nəfərinə isə H2 üzrə əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər şamil edilib.

Görüşdə Şəhər Tşhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov, kadrlar üzrə aparıcı məsləhətçi Aslan Aslanov, aparıcı məsləhətçi Cəmil Axundzadə, metodkabinet müdiri Zaur Ağazadə və Lənkəran rayonu üzrə təhsil meneceri Pərviz Babacanlı çıxış edərək gənc müəllimlərə öz məsləhətlərini və tövsiyələrini veriblər. Böyük ruh yüksəkliyi şəraitində keçən görüşdə gənc müəllimlərdən Araz Babayev,  Aygün Tağızadə, Gülayə Həsənova, Nərgiz Zeynalova, Elvira Əliyeva, Leyla Qarazadə, İsa Nuruzadə, Elvin Quliyev və başqaları çıxışlarında onlara göstərilən qayğıya, səmimi görüşə görə Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimova təşəkkürlərini bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.


Açar sözlər: ,  ,