Mayın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə H.Aslanov adına şəhər 3 nömrəli tam orta məktəbində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran ŞTŞ-nin aparıcı məsləhətçisi Cəmil Axundzadə, məktəbin müəllim və şagirdləri kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan məktəbin müəllimi Murtuza Cəfərov çıxışında keçirilən tədbirlərin şagirdlərin maariflənməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Lənkəran ŞTŞ-nin aparıcı məsləhətçisi Cəmil Axundzadə və DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışlarında 1918-ci il Mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə əhəmiyyətli yeri və rolunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Natiqlər, gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasının vacibliyini vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.