23.05.2019

Nazir müavini Lənkəranda cənub bölgəsinin təhsil işçiləri ilə görüşüb

Mayın 23-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran şəhər, Astara və  Lerik rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Lənkəran şəhər, Astara və  Lerik rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri, KİV nümayəndələri və digər şəxslər iştirak edib.

Tədbirdən öncə Lənkəran şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Hesabat tədbirində çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan söz açıb. Ölkə Prezidenti cənab  İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb. Nazir müavini bildirib ki,  bir neçə rayonun təhsil işçilərinin bir araya toplanaraq hesabat verməsi görülən işlərin hərtərəfli təhlilini aparmaq imkanı verir. Bu da qarşılıqlı mübadilə və yeni təcrübəyə yiyələnmək imkanları yaradır.

Məhəbbət Vəliyeva təqdim etdikləri hesabata əsasən fəaliyyəti zəif qiymətləndirilən ümumi təhsil müəssisələrinin rəhbərlərinə öz tövsiyələrini verib. Nazir müavini onu da qeyd edib ki, zəif nəticə göstərən məktəblər Nazirlik tərəfindən nəzarətə götürüləcək və yaxın gələcəkdə  həmin məktəb rəhbərləri nəticələrin müzakirəsi üçün nazirliyə dəvət ediləcək.

Daha sonra Lənkəran şəhər, Lerik və Astara rayon təhsil şöbələrinin müdirləri Aslan İbrahimov, Zöhrab Salayev və Rəşad Həsənovun 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatları dinlənilib.

Sonda fikir mübadilələri aparılıb, təkliflər dinlənilib. Təmayülləşmə, valideyn-məktəb münasibətlərinin tənzimlənməsi, məktəbəhazırlıq qrupları və digər məsələlərin icrası ilə bağlı suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,  ,