22.05.2019

“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Mayın 22-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi, Lənkəran Şəhər Təhsil Şöbəsi (ŞTŞ) və Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun Tütəpeştə kənd ümumi orta məktəbində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.

Tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin aparıcı məsləhətçisi Cəmil Axundzadə, Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Ağakişi Baloğlanlı, məktəbin direktoru Əskər Əskərov, müəllimlər, valideynlər və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ə.Əskərov çıxışında keçirilən tədbirin əhəmiyyəti haqqında fikirlərini bildirib.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin aparıcı məsləhətçisi Cəmil Axundzadə, Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Ağakişi Baloğlanlı çıxışlarında İnsan hüquq və azadlıqları haqqında, bu sahədə qəbul edilmiş qanunlar, qərarlar və digər normativ aktlar haqqında məlumat verərək, ölkəmizdə bu sahədə görülən işləri, həyata keçirilən layihələri tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Natiqlər 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında olan maddələrin 1/3-nin insan hüquq və azadlıqlarına həsr edildiyini, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində mütərəqqi tədbirlərin həyata keçirildiyini vurğulayıblar.

Tədbirdə həmçinin 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm hadisə olduğunu qeyd edilib. Vurğulanıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan  Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi haqqında 16 may 2017-ci il tarixli sərəncamı, eləcə də 2018-ci ilin “Cümhuriyyət İli” elan edilməsi tarixi keçmişimizə verilən yüksək dəyərdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.