Aprelin 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə “Aprel döyüşləri tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Lənkəran şəhər Xarici Dillər Təmayüllü (XDT) Gimnaziyada keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin aparıcı məsləhətçisi Cəmil Axundzadə, məktəbin direktoru Mənsur Ağayev, müəllimlər və şagirdlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mənsur Ağayev çıxışında Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, mənəvi-əxlaqi və vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu qeyd edib.
Lənkəran ŞTŞ-nin aparıcı məsləhətçisi Cəmil Axundzadə çıxışında ölkə gənclərinin vətən, torpaq sevgisinin, müstəqillik ruhunun yüksək olduğunu bildirib. C.Axundzadə məktəblərdə keçirilən bu səpkili maarifləndirici tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşmasında, vətəndaşlıq tərbiyəsində mühüm rolunu vurğulayıb.
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında Aprel döyüşlərinin dövlətimizin, ordumuzun gücünü göstərən şanlı tarixi qələbə olduğunu, bu qələbənin Azərbaycan ordusunun düşmən üzərində qazanılacaq böyük zəfərinin başlanğıcı kimi əhəmiyyətini diqqətə çatdırıb.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında Azərbaycan gəncliyinin yüksək hərbi-vətənpərvərlik ruhu və mənəvi-psixoloji hazırlıq səviyyəsinə malik olduğunu qeyd edib. Natiq 2016-cı il aprel döyüşlərində düşmən üzərində qazanılan tarixi nailiyyətin Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsini təşkil etdiyini vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.