Martın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə Şirinsu kənd tam orta məktəbində “Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə, məktəbin direktoru Zeynəb Əhmədova, müəllimlər və şagirdlər iştirak edib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zeynəb Əhmədova keçirilən maarifləndirici tədbirin vacibliyi ilə bağlı fikirlərini bildirib.
Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axunzadə çıxışında zərərli vərdişlərə və erkən nikahlara qarşı mübarizədə gənclərin elm və təhsilə yiyələnmələrinin əhəmiyyətini qeyd edib.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında uşaq hüquqları, eləcə də onların təhsil almaq hüququ haqqında danışaraq, gənclərin narkomaniya, digər zərərli vərdişlərdən qorunmasının zəruriliyini vurğulayıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında radikal dini qruplar, qeyri-ənənəvi dini cərəyanlar və onların təbliğat metodları haqqında məlumat verərək dövlətin yeniyetmə və gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsirlərindən və erkən nikahlardan qorunması istiqamətində həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.