Təhsil naziri Ceyhun Bayramov 2018-2019-cu dərs ilində pedaqoji mühazirələrin keçirilməsi haqqında əmr imzalayıb.
Əmrin imzalanmasında məqsəd ümumi təhsil sahəsində keyfiyyət göstərcilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübələri təbliğ etməkdir.
Əmrə əsasən, 2019-cu ildə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusunda pedaqoji mühazirələr keçiriləcək.
Pedaqoji mühazirələrin ilk mərhələsi cari ilin mart-aprel aylarında rayon və şəhərlərdə, ölkə mərhələsi isə iyun ayında Bakı şəhərində keçiriləcək.