24.01.2019

“Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu”

Yanvarın 24-də rayonun A.Əsədullayev adına Şağlaser kənd ümumi orta məktəbində “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı layihə çərçivəsində Şağlaser kəndində maarifləndirici  tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbə əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran Şəhər Təhsil Şöbəsinin  əməkdaşı Ramin Hüccətov, Şağlaser kənd tam orta məktəbinin direktoru Yalçın Əliyev,  Şağlaser kənd ümumi orta məktəbinin direktoru Aygün Fətullayeva, şəhid ailələrinin üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak edib.Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və vətən uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan Şağlaser kənd tam orta məktəbin müəllimi Ruhulla Ruhullayev çıxışında Şağlaser kəndinin vətən uğrunda gedən döyüşlərdə 6 şəhid verdiyini  qeyd edərək tədbirdə onların ailə üzvlərinin iştirak etdiyini bildirib. O, gənclər arasında vətənpərvərliyin təbliğ edilməsinin zəruriliyindən danışıb.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş qəhrəman şəhidlərimizin ömür yolunun gənclərimizə örnək olduğunu bildirib. Vətənpərvərliyin təbliğinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyətindən danışan Q.Məmmədov vurğulayıb ki, keçirilən tədbirlərin əsas məqsədi gənclər arasında milli-mənəvi dəyərlərin təbliğidir.

Lənkəran ŞTŞ-nin əməkdaşı Ramin Hüccətov çıxışında şəhidliyin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu, dövlət tərəfindən şəhidlərin xatirəsinə böyük hörmət və ehtiramın olduğunu diqqətə çatıdırıb.

Şağlaser kənd tam orta məktəbinin direktoru Yalçın Əliyev,  Şağlaser kənd ümumi orta məktəbinin direktoru Aygün Fətullayeva, şəhid ailələrinin üzvləri Arif Əsədullayev, Fəxrəddin Əkbərov və digərləri çıxışlarında mövzu ilə bağlı fikirlərini bildiriblər.

Sonda tədbir iştirakçıları şəhidlərin məzarını ziyarət ediblər.