18.01.2019

Respublika Yaradıcılıq Festivalının keçirilməsinə dair təlim

Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə cari tədris ili ərzində keçiriləcək Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlərə start verilib.

Yanvarın 16-da Lənkəran şəhəri 2 nömrəli tam orta məktəbdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən keçirilən təlimlərə Lənkəran-Astara zonasını əhatə edən ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərindən dərnək rəhbərləri və müəllimlər cəlb olunub. Lənkəran ŞTŞ-nın aparıcı məsləhətçisi Cəmil Axundzadə festivalın əhəmiyyətindən söz açıb.

Sonra RUGİM-in direktoru Firuzə Sultanzadə bildirdi ki, festivalın əsas məqsədi məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzini formalaşdırmaq, onları gələcək peşə seçimi imkanları ilə təmin etməkdən ibarətdir. Həmçinin festivala daxil olan “Ekoloji yönümlü və enerji effektli məktəb” və “Məktəblilərin dram, təsviri və dekorativ-tətbiqi sənət üzrə respublika müsabiqələri” haqqında iştirakçılara ətraflı məlumat verilib.

Sonda RUGİM-in əməkdaşları dərnək rəhbərləri və müəllimləri maraqlandıran sualları cavablandırıblar.