07.01.2019

“Tolerantlıq diyarı Azərbaycan”

Yanvarın 4-də rayonun Bəlləbur kənd tam orta məktəbində “Tolerantlıq diyarı Azərbaycan” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov, məktəb direktoru Elçin Səfərov, kənd ictimaiyyətinin nümayəndələri və gənclər iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəb direktoru Elçin Səfərov çıxışında keçirilən tədbirin əhəmiyyətindən danışıb. Asif İmanlı çıxışında əsrlər boyu müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynadığını, özlərinin dini və etnik xüsusiyyətlərini, adət-ənənələrini qoruyub saxlayaraq mədəniyyətlərini inkişaf etdirdiklərini qeyd edib. Ramin Hüccətov çıxışında ölkəmizdə mövcud olan tolerantlığın xalqımızın milli-mənəvi dəyərləri və tarixi ənənələrindən qaynaqlandığını qeyd edərək, gənclərin bu dəyərləri əxz etməsinin vacibliyi ilə bağlı fikirlərini bildirib. Emin Həmidli çıxışında Azərbaycanın öz multikultural, tolerant yaşam tərzi və milli-mənəvi dəyərləri ilə dünyaya nümunə olduğunu vurğulayıb, keçirilən maarifləndirici tədbirlərin gənclərin mənəvi-əxlaqi tərbiyəsində və milli-mənəvi dəyərlər əsasında formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.