Dekabrın 21-də Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində “Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov, məktəbin direktoru Nəzakət Abdullayeva, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nəzakət Abdullayeva çıxışında keçirilən tədbirin əhəmiyyətini qeyd edərək, gənclərimizdə vətənpərvərlik hissinin gücləndirilməsinin önəmindən danışıb.
Lənkəran ŞİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında ölkə gənclərinin yüksək vətənpərvərlik keyfiyyətlərinə və mənəvi-əxlaqi tərbiyəyə sahib olduğunu vurğulayıb.
Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov çıxışında məktəblərdə keçirilən bu səpkili maarifləndirici tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşmasında, vətəndaşlıq tərbiyəsində mühüm rolu olduğunu qeyd edib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında vətənpərvərliyin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu bildirib. Dini radikalizm və onun fəsadları haqqında məlumat verən E.Həmidli, milli-mənəvi dəyərlərimizin, eləcə də vətənpərvərliyin təbliğinin dini radikalizmlə mübarizədə əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.