Noyabrın 27-də Lənkəran şəhəri Həzi Aslanov adına 3 nömrəli tam orta məktəbində, Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib. “Mənəvi dəyərlərimiz Azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli və Tacəddin Sadıqov, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov çıxışında gənclər arasında milli-mənəvi dəyərlərin təbliğinin vacibliyini qeyd edib. R.Hüccətov ölkəmizdə mənəvi dəyərlərimizin qorunması və inkişafında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz xidmətləri barədə danışıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Tacəddin Sadıqov çıxışında Azərbaycançılıq ideologiyası və onun tərkib hissələri olan mənəvi dəyərlərimiz, milli kimlik şüurumuz, vətən, millət anlayışları haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında Azərbaycançılıq ideologiyası və onun mahiyyəti haqqında məlumat verərək, bildirib ki, bu ideologiyanın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə qoyulub və bu gün də xalqımız bu ideologiya ətrafında sıx birləşib. E.Həmidli milli-mənəvi dəyərlərimiz olan dilimiz, dinimiz və s. haqqında, eləcə də ölkəmizdəki mükəmməl dövlət-din münasibətləri haqqında tədbir iştirakçılarına məlumat verib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.