23.11.2018

“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi”

Noyabrın 22-də Lənkəran şəhər 7 saylı tam orta məktəbində, Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib. “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları Ramin Hüccətov, Cəmil Axundzadə, məktəbin direktoru Ülviyyə Əliyeva, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər 7 saylı tam orta məktəbin direktoru Ülviyyə Əliyeva çıxışında məktəblərdə keçirilən bu səpkili maarifləndirici tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşmasında, vətəndaşlıq tərbiyəsində mühüm rolu olduğunu bildirib. DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında ölkə gənclərinin vətən, torpaq sevgisinin, müstəqillik ruhunun yüksək olduğunu vurğulayıb. “Şəhadət” filmi haqqında məlumat verən E.Həmidli qeyd edib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizm və digər mənfi işlərdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.

Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları Ramin Hüccətov və Cəmil Axundzadə çıxışlarında gənclər arasında milli-mənəvi dəyərlərimizin təbliğ edilməsinin vacibliyindən danışıblar. Natiqlər Azərbaycan gəncliyinin yüksək hərbi-vətənpərvərlik ruhu və mənəvi-psixoloji hazırlıq səviyyəsinə malik olduqlarını qeyd ediblər. Tədbirin sonunda “Şəhadət” sənədli filmi nümayiş etdirilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.