12.11.2018

Lənkəranda ikinci “Çay, çəltik və sitrus festivalı”

Noyabrın 10-da Lənkəran şəhər Heydər Əliyev Xatirə Parkında ikinci “Çay, çəltik və sitrus festivalı” keçirilib. Bununla da ötən əsrin 70-ci illərində keçirilən “Məhsul bayramı” ənənəsi bərpa edilib. Lənkəran şəhərinin mərkəzində H.Əliyev adına Xatirə Parkında təşkil edilən festivalda 100-ə yaxın stend və tumbalar qurulub.

Tədbir Çay, Çəltik və Sitrus Festivalı adlandırılsa da, əslində bütün sahələri əhatə edən məhsulların nümayişi təşkil edilib və məhsul bayramı xarakteri daşıyıb. Festivalda Lənkəranda və Astarada fəaliyyət göstərən çay istehsalçısı şirkətlərinin məhsulları, Lənkəran və Astarada yetişdirilən müxtəlif düyü sortları və onlardan bişirilmiş plovlar, talış mətbəxini əhatə edən dadlı yeməklər, yerli fabriklərin istehsal etdikləri müxtəlif meyvə şirələri və kompotlar sərginlənib.Festivalda sərgilənən məhsullara baxış keçirmək üçün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, millət vəkilləri Hadı Rəcəbli, Rüfət Quliyev və digər şəxslər də mərkəzi meydana gəliblər.

Ötən il keçirilən festivaldan fərqli olaraq bu il festivala ölkənin müxtəlif yerlərindən və xarici ölkələrdən gələn turistlər də qatılıblar.

Festivalda rayonun sənaye, kənd təsərrüfatı, müəssisələri ilə yanaşı Təhsil Şöbəsi də hazırladığı geniş sərgisini nümayiş etdirib. Təhsil sərgisində olimpiada, müsabiqə, idman, musiqi və incəsənət sahələrində nailiyyətləri olmuş şagirdlər öz işlərini nümayiş etdiriblər. 

Qeyd edək ki, Çay, Çəltik və Sitrus Festivalı axşam saatlarında respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə şəhər Mədəniyyət sarayında bayram konserti ilə yekunlaşıb.