Noyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Lənkəran rayonu Daşdatük kənd ümumi orta məktəbində “Bayrağımız Qürurumuzdur” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları Ramin Hüccətov, Cəmil Axundzadə, məktəbin direktoru Sarvan Babayev, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Daşdatük kənd ümumi orta məktəbinin direktoru Sarvan Babayev çıxışında tədbir iştirakçılarını salamlayaraq 9 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əlamətdar bir hadisə olduğunu nəzərə çatdırıb.
Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə çıxışında Azərbaycanın dövlət atributlarına, o cümlədən bayrağımıza ehtiram göstərilməsinin hər bir ölkə vətəndaşının müqəddəs borcu olduğunu diqqətə çatdırıb. DQİDK-nın
Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Tacəddin Sadıqov çıxışında müstəqillik rəmzimiz olan dövlət bayrağımızın yaranması tarixindən danışaraq, Azərbaycan Respublikasının Dövlət bayrağının 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilməsini və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olduğunu bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında üçrəngli bayrağımızın qürur mənbəyimiz olduğunu qeyd edərək, onun ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.
Daşdatük kənd məscidi dini icmasının və məktəb-valideyn komitəsinin sədri Şahid Babayev çıxışında keçirilən tədbirlərin gənclərin maarifləndirilməsində mühüm əhəmiyyəti olduğunu qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.