26.10.2018

Lənkəranda “Uşaqları dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq!” adlı tədbir

Oktyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran  bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi və İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqları dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq!” adlı tədbir keçirilib.

 Lənkəran şəhər 5 saylı tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov, İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, məktəbin direktoru Bəsirə Əzimova, direktor müavini Cəfər Fətullayev, müəllimlər və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktor müavini Cəfər Fətullayev çıxışında uşaq hüquqlarının müdafiəsi sahəsində dövlətin atdığı addımlardan və həyata keçirdiyi tədbirlərdən bəhs edib.DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxış edərək bildirib ki, hər il ölkəmizdə “Uşaq hüquqları aylığı”na aid tədbirlər keçirilir. Dövlətin qayğısı ilə əhatələnmiş uşaqların hüquqlarının qorunması, təmin edilməsi, bu sahədə mövcud olan problemlərin ardıcıl həlli dövlətin daim diqqət mərkəzindədir. Belə ki, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm işlər görülüb.

Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov çıxışında ölkəmizdə uşaqların hərtərəfli inkişafı, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və  keyfiyyətli təhsil almaları üçün şəraitin yaradıldığını bildirib.Daha sonra çıxış edən İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında uşaq hüquqlarından geniş bəhs edərək, qeyd edib ki, aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması və uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.

DQİDK-nın Lənkəran  bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli dövlətin  yeniyetmə və gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsirlərindən qorunması, eyni zamanda erkən nikahların qarşısının alınması istiqamətində həyata keçirdiyi  tədbirlərdən danışıb.

Sonda məktəb şagirdlərinin “Uşaq hüquqları aylığı” ilə bağlı hazırladığı kompozisiyaya baxılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.