10.09.2018

Xalqımız zəngin milli-mənəvi dəyərlərə sahibdir

Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi və İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində rayonun Zövlə kənd tam orta məktəbində “Sülh inkişafın əsas təməlidir” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov, İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Zövlə kənd tam orta məktəbinin direktoru Nemət Cəfərov və  kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Zövlə kənd tam orta məktəbinin direktoru Nemət Cəfərov çıxışında xalqımızın zəngin milli-mənəvi, sülh və həmrəylik kimi dəyərlərə sahib olduğunu vurğulayıb.

İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan edilmiş “Sülh aylığı”ı və bununla əlaqədar həyata keçirilən tədbirlər haqqında məlumat verib.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə sülh və həmrəyliyin təmin edilməsindəki mühüm xidmətlərindən bəhs edərək, onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsini sülhə və humanizmə mühüm töhfə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov çıxışında kənd və qəsəbələrdə milli-mənəvi, multikultural və tolerant dəyərlərin qorunması, eləcə də, “Sülh aylığı” çərçivəsində həyata keçirilən tədbirlərin gənclərin Azərbaycançılıq, sülh və mərhəmət ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyəti olduğunu bildirib.  

Rayon Ağsaqqallar Şurasının üzvü Bülbül Sadıqov və digərləri çıxışlarında İslam dininin hərfi mənasının sülh olduğunu, ölkəmizdə sülh və əmin-amanlığın hökm sürdüyünü qeyd ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.