Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində Lənkəran rayonunun orta ümumtəhsil məktəblərində çalışan psixoloqlar üçün “Məktəb psixoloqlarının psixokorreksiya sahəsində bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində 2 günlük qeyri-formal təlim kursları uğurla başa çatıb. Layihənin rəhbəri Fərrux Əliyevin verdiyi məlumata görə, layihənin əsas məqsədi Lənkəran rayonunun orta ümumtəhsil məktəblərində çalışan psixoloqların bilik və bacarıqlarının artırılmasına yardımçı olmaqdan ibarətdir. Bu məqsədə çatmaq üçün Lənkəranın müxtəlif məktəblərində çalışan 25 nəfər məktəb psixoloqu bir araya gələrək rayonda yerləşən 4 nömrəli Humanitar Təmayüllü Məktəb-liseydə 2 günlük maarifləndirici təlim kursunda iştirak edib.
28-29 avqust 2018-ci il tarixlərində keçirilən təlimdə təlimçi-psixoloq, Elnarə Baxışlı tərəfindən məktəb psixoloqlarına, müasir praktik psixoloji xidmətin tərkib hissəsi olan psixokorreksiyanın metod və vəzifələri, korreksiyaya ehtiyacı olan müxtəlif problemlər və onların aradan qaldırılması üçün tətbiq olunan üsullar və psixoterapiya texnikaları tədris edilərək təlimin yekun qiymətləndirilməsi aparılıb. Təlimdə iştirak edən təhsil üzrə ekspert Rövşən Bağırov iştirakçılara Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsi və onun təhsil işçiləri üçün əhəmiyyətindən, layihələrin yazılması və idarə olunması, habelə müraciət qaydaları haqqında geniş məlumat verib.
Təlimdə müxtəlif problemli situasiyalar üzrə praktiki konsultasiyalar aparılıb və müzakirələr, qrup işləri, təqdimatlar, rol oyunları kimi müasir təlim üsullarından geniş istifadə olunub.
Daha çox psixoloqların maarifləndirilməsi üçün 1500 ədəd buklet çap edilərək paylanılıb.
Kursun sonunda hər bir iştirakçıya Lənkəran Şəhər Təhsil Şöbəsi tərəfindən Sertifikat təqdim olunub.