Mayın 23-də Lənkəran Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözu ilə açan Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov AXC-nin yaranmasını XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin yekunu kimi xüsusi qeyd etdi. Mövzu barədə şəhər 6 nömrəli məktəb-liseyin tarix müəllimi Zamin Baxşıyev geniş məruzə etdi. Məruzə ətrafında müzakirələrdə Boladi kənd 1 nömrəli tam orta məktəbin tarix müəllimi Gülnarə İbadova, Viravul kənd 1 nömrəli tam orta məktəbin tarix müəllimi Nəzakət Ağayeva, şəhər 4 nömrəli məktəb-liseyin tarix müəllimi Ülkər Dadaşova və başqaları çıxış etdilər.
Konfransda şəhər 1 və 2 nömrəli tam orta məktəblərin şagirdlərinin ifasında istiqlal mövzusunda şeirlər dinlənildi.
Sonda “Müstəqilliyimiz əbədidir” inşa yazı müsabiqəsinin qaliblərinə Şəhər Təhsil Şöbəsinin fəxri fərmanları təqdim edildi.