Aprelin 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Darquba kənd tam orta məktəbində “Aprel döyüşləri tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov, Darquba kənd tam orta məktəbinin direktoru Mayis Kazımov, müəllimlər və şagirdlər iştirak ediblər. Əvvəlcə müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Darquba kənd tam orta məktəbinin direktoru Mayis Kazımov çıxışında Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə və vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu qeyd edib. M.Kazımov məktəblərdə keçirilən bu səpkili maarifləndirici tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşmasında, vətəndaşlıq tərbiyəsində mühüm rolu olduğunu bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında ölkə gənclərində Vətən, torpaq sevgisinin və vətənpərvərlik hisslərinin yüksək olduğunu vurğulayıb. “2016-cı ilin aprel döyüşlərində mənfur qonşularımız olan ermənilər üzərində qazandığımız qələbə bir daha deməyə əsas verir ki, ölkəmiz güclü orduya, sağlam və vətənpərvər ruhlu gənclərə sahibdir”,-deyə E.Həmidli bildirib. Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi haqqında məlumat verən E.Həmidli qeyd edib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizmdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.
Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov çıxışında Azərbaycan gəncliyinin yüksək hərbi-vətənpərvərlik ruhu və mənəvi-psixoloji hazırlıq səviyyəsinə malik olduğunu qeyd edib. 2016-cı il aprel döyüşlərində düşmən üzərində qazanılan tarixi nailiyyətin Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsini təşkil etdiyini bildirən R.Hüccətov yetişməkdə olan gənc nəslin bu ruhda formalaşmasının və tərbiyə olunmasının, həmçinin elm və təhsilə yiyələnməsinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.