27.02.2018

“Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib

27.02.2018-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Tükəvilə kənd tam orta məktəbində “Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov, Tükəvilə kənd tam orta məktəbinin direktoru Günay İsmayılova, Tükəvilə kənd məscidi dini icmasının sədri Murad Əzizov, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Tükəvilə kənd tam orta məktəbinin direktoru Günay İsmayılova çıxışında Xocalı soyqırımının ermənilər tərəfindən xalqımıza qarşı qəddarlıqla törədilmiş cinayət olduğunu bildirib.

Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov çıxışında 1992-ci il fevral ayının 26-da mənfur ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, bu soyqırım bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş vəhşi cinayət aktıdır.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında Xocalı soyqırımının öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir cinayət aktı olduğunu bildirib. Tədbirin sonunda məktəb şagirdlərinin Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr etdikləri kompozisiya və Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.