30 noyabr 2017-il tarixdə Lənkəran Şəhər Təhsil Şöbəsi Təhsil Şurasının növbəti iclası keçirilib. İclasda rayonun Sütəmurdov və Kənarmeşə kənd tam orta məktəblərində təlim-tərbiyə işlərinin vəziyyəti, şəhər 3 nömrəli, Liman şəhər 2 nömrəli, Digah, Girdəni və Qumbaşı kənd tam orta məktəblərinin məktəbəhazırlıq quruplarında təhsil prosesinin təşkili vəziyyəti, şəhər 6 nömrəli tam orta məktəbinin tarix müəllimi Zamin Baxşıyevin qabaqcıl iş təcrübəsi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qusar və Lənkəran rayonlarının ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədris vəziyyəti haqqında 24 iyul 2017–ci il tarixli, 211 nömrəli əmrinin icrası ilə əlaqədar şəhər 7 nömrəli və Xarxatan kənd tam orta məktəblərinin direktorları Ü.Əliyeva və F.Babayevin hesabatları haqqında məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Təhsil Şöbəsinin müdiri A.İbrahimov şura iclasında Beynəlxalq müəllimlər günü münasibətilə təltif olunmuş şəhər 10 nömrəli tam orta məktəbinin direktoru Qadir Axundov və Hirkan qəsəbə tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Ələkbər Nuriyevə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanını, Sütəmurdov kənd tam orta məktəbinin riyaziyyat müəllimi Günel Aslanlı və İstisu qəsəbə tam orta məktəbinin ibtidai sinif müəllimi Sədaqət Qurbanovaya Təhsil Nazirliyinin “Fəxri Fərmanı”nı təqdim edib, onları bir daha təbrik edərək uğurlar arzulayıb. ŞTŞ-nın müdir müavini G.Bağırov, metodist E.Abbasova və başqaları cari məsələlər barədə danışıblar. ŞTŞ-nin müdiri A.İbrahimov şura iclasındakı yekun çıxışında məktəb rəhbərlərinin diqqətini təlim-tərbiyə müəssisələrində nizam-intizamın daha da möhkəmləndirilməsi, təlimin keyfiyyətinin yüksəldilməsi, yeni texnologiyaların tətbiqi, məktəb-valideyn əlaqələrinin möhkəmləndirilməsinə cəlb edib.