Dünya təcrübəsi göstərir ki, hər bir xalqın yaranmış tarixi imkandan bəhrələnərək, öz müstəqil dövlətini qurması, ilk növbədə lider amili ilə bağlı olmaqla onun yaradıcı təfəkkürü, siyasi əzmi, yüksək intellekti, qətiyyəti və dövlətçilik səriştəsi sayəsində gerçəkləşir. Milli tariximizə bu kimi keyfiyyətləri ilə öz adını əbədi həkk etmiş ümummilli liderimiz H.Əliyevdir. Məhz bu nadir tarixi sima XX əsrin sonunda xalqımızı əsrlər boyu can atdığı həqiqi müstəqillik amalına qovuşdurmuş, müvəqqəti tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüş, onun dayanıqlı inkişafı üçün etibarlı zəmin yaratmışdır.
Ümummilli liderimiz H.Əliyevin anadan olmasının 94-cü ildönümü hər yerdə olduğu kimi Lənkəranın ümumtəhsil məktəblərində də böyük məhəbbət və ehtiramla qeyd edilmişdir. Şəhər 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 nömrəli və Gimnaziya, Boladi 1, 2 nömrəli, Gəgiran, Haftoni, Şıxəkəran, Gərmətük, Tükəvilə, Səpnəkəran, Şağlaser, Şovu, Zövlə, Kənarmeşə kənd tam orta və başqa məktəblərdə bu münasibətlə elmi-praktik konfranslar, dəyirmi masalar, söhbətlər, müzakirələr və dərslər keçirilmişdir. Məktəblərdə ulu öndərin doğum gününə həsr olunmuş idman və bilik yarışları, rəsm, inşa müsabiqələri, təşkil olunmuşdur. Ayrı-ayrı məktəblərin şagirdləri rayon mərkəzində ulu öndərin abidəsinə və Heydər Əliyev Mərkəzindəki muzeyinə ziyarət etmişlər.
10 may 2017-ci il tarixdə ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri mərkəzi meydanda ulu öndərin abidəsinə ziyarət etmiş, önünə tər gül-çiçək dəstələri qoymuşlar.