Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli hadisələrdən biri kimi daxil olub və onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnmişdir. Hələ 80-ci illərin sonlarında Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər SSRİ-də mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edərək, Azərbaycan SSR-in tərkibində yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü şəkildə fəaliyyətə başladılar. Qısa müddət ərzində 100 minlərlə azərbaycanlı əsrlərlə yaşadığı tarixi torpaqlarından zorla qovuldu. 1989-cu ilin dekabrında Ermənistan SSR Ali Soveti “Dağlıq Qarabağın Ermənistana birləşməsi haqqında” qərar qəbul etdi.
1991-ci ilin sonu-1992-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlandı. 1992-ci ilin fevral ayının 26-da erməni silahlı qüvvələri Xocalını ələ keçirdilər. Xocalının yüzlərlə günahsız sakininin vəhşicəsinə qətlə yetirilməsi Ermənistan-Azərbaycan münaqişəsi zamanı törədilmiş ən iyrənc cinayətlərdən biri idi. 1992-ci ildə Ermənistan silahlı qüvvələri Xocavənd, Xocalı, Şuşa və Laçını, 1993-cü ildə isə Azərbaycanın daha altı rayonunu – Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdilər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə, ikinci dəfə ölkədə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanla Ermənistan arasında atəşkəsə nail olundu və bu problemi həll etmək üçün 1994-cü ildə ATƏT-in Minsk qrupu yaradıldı. Lakin ATƏT-in Minsk qrupunun 30 ilə yaxın fəaliyyəti heç bir səmərə vermədi. Bundan başqa BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əsasən Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tamamilə çıxarılması məsələsi də öz həllini tapmadı. Bütün bunlardan istifadə edən mənfur düşmənlərimiz daha da azğınlaşaraq, Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməyə başladılar, təxribatlar törətdilər, himayədarlarının sayəsində silahlandılar. Nəticədə 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin "İyul hadisələri" və "Tovuz təxribatı" baş verdi.
2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun bəzi mövqeləri düşməndən azad olundu.
Azərbaycan Ordusu ermənilərə layiqli cavab versə də, onlar nəticə çıxara bilmədilər. Açıq-aşkar Azərbaycanla müharibə dili ilə danışmağa başladılar, Azərbaycanı hədələdilər, “Gəncəni tutarıq”, “Mingəçevir su anbarını partladarıq” kimi sərsəm fikirlər söyləməyə başladılar. Azərbaycan isə yenə də sülhpərvər davranaraq, əlində olan bütün imkanlardan istifadə edib məsələni siyasi yolla həll etməyə çalışırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra beynəlxalq tədbirlərdə Ermənistanın baş naziri Nikol Paşinyana əsl dərs verməsinə, siyasətdə onun təsadüfi və naşı adam olduğunu sübut etməsinə baxmayaraq, münaqişə həll olunmamış qaldı. Prezident İlham Əliyev dəfələrlə BMT-nin tribunasından Ermənistanın faşist siyasətini bütün dünyaya, BMT-yə və ATƏT-in Minsk qrupuna çatdırdı. Müharibə hazırlığı aparan Ermənistanın durdurulması üçün addımlar atılmasını və Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunmasını tələb etdi. Lakin dünya birliyi, beynəlxalq təşkilatlar demək olar ki, heç bir əməli bir iş görmədilər. Nəticədə Ermənistan 27 sentyabr 2020-ci il tarixində Azərbaycana qarşı yeni təxribata əl atdı. Sərhəd rayonları, yaşayış məntəqələri – şəhər və kəndlər iri çaplı silahlardan, toplardan və qradlardan atəşə tutuldu. Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamağa məcbur oldu.
Qısa müddət ərzində Vətən müharibəsində düşmənin çoxlu sayda canlı qüvvəsi, hərbi texnikası və maşınları sıradan çıxarıldı, şəhər, qəsəbə və kəndlərimiz ardıcıl olaraq, işğaldan azad olundu. "Dəmir yumruq" əməliyyatı nəticəsində təxminən bir ay ərzində Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonları düşməndən azad olundu. Mənfur düşmən hərb meydanında heç bir uğur əldə edə bilmədiyini görüb Gəncə, Mingəçevir,Bərdə və digər şəhərlərimizi ballistik raketlərlə atəşə tutdu və yüzlərlə mülki şəxs vəhşicəsinə qətlə yetirildi. Azərbaycan isə öz gücünü döyüş meydanında göstərirdi. Azərbaycan əsgərinin xüsusi qəhrəmanlığı nəticəsində noyabrın 8-də Qarabağın döyünən ürəyi hesab olunan Şuşa işğaldan azad edildi. Nəhayət mənfur düşmənlərimiz sülhə məcbur edilərək təslim oldular. 10 noyabr 2020-ci ildə tarixi sülh müqaviləsi imzalandı. Sülh müqaviləsinə əsasən, düşmən 2020-ci il dekabrın 20-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını da qaytarmağı öhdəsinə götürdü və deyilən tarixdə həmin ərazilərdə düşməndən azad edildi. Azərbaycan qələbə qazandı! İşğal olunan torpaqlar azad edildi. Qarabağın əlavə statusu ləğv edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı ordusu erməni vandallarına elə bir dərs verdi ki, tarix boyu onlar bunu unutmayacaqlar.
Əzəli və tarixi Azərbaycan torpağı olan Qarabağ yağı düşməndən azad edildi !
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin Vətən müharibəsi dövründəki fəaliyəti də bir daha onu göstərdi ki, ölçülüb-biçilmiş, əsaslandırılmış, bütün riskləri və təfərrüatları hesablanmış rəhbərlik və təşkilatçılıq olmadan müharibədən qalib çıxmaq mümkün deyildir. 44 gün davam edən Vətən müharibəsinin gedişində İlham Əliyevin Ali Baş Komandanı olduğu Azərbaycan Ordusu XXI əsrin yeni müharibəsinin aparılmasının nümunəsini nümayiş etdirdi. Ən yeni nəsil hərbi texnika ilə piyada qüvvələrin fəaliyyət uzlaşması müasir döyüşün taktikasına da yeniliklər gətirdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixin gerçəkliyindən, milyonların arzusundan yoğurularaq azadlıq rəmzinə dönən üçrəngli müqəddəs bayrağımızı layiq olduğu ən yüksək məqama yüksəltdi. İkinci Qarabağ müharibəsində xalqımızın qazandığı böyük qələbə bizi 30 ilə yaxın addım-addım yaxınlaşdığımız inamlı, ümidli bir sonluğa çatdırdı, qürurumuzu dirçəltdi. Tarix yazan Azərbaycan xalqı bu böyük qələbəni böyük sevinc və coşqu ilə qeyd etdi. Qeyd etməyə haqqı da var! Nəhayət 30 illik həsrətə, nisgilə son qoyuldu. Azərbaycan xalqı öz adını tarixə qalib bir xalq kimi qızıl hərflərlə yazdı!
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!