27.02.2021

Şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan nəinki Cənubi Qafqaz regionunda, eləcə də dünyada iqtisadi və hərbi potensialına görə inkişaf etmiş dövlətlərlərdən birinə çevrilib. Bu inkişaf üçün zəmin yaradan başlıca səbəb isə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü və qətiyyətli daxili və xarici siyasətdir.

Uzun illər Azərbaycanın xarici siyasəti qarşısında duran əsas prioritet məsələ Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq olmuşdur ki, bu problem də başda Ali Baş Komandan olmaqla Azərbaycanının müzəffər ordusu tərəfindən hərb yolu ilə öz həllini tapdı. 44 gün davam edən Vətən Müharibəsi nəticəsində 30 illik Vətən həsrətinə son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Onu da qeyd etmək lazımdır ki, bu tarixi qayıdış sevincini xalqımıza yaşatmaq üçün minlərlə Vətən oğullarımız şəhidlik zirvəsinə ucalıb və ya fiziki sağlamlığını itirərək əlil olublar.

Vətənin bütövlüyü uğrunda öz canını fəda etmiş şəhid ailələrinə, müharibə iştirakçısı olan qazilərə qayğı müstəqil Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev tərəfindən 1994-cü il 26 avqust tarixində imzalanmış “Azərbaycan Respublikasın erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman bu istiqamətdə atılmış ilk addım olub. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan İlham Əliyev bu istiqamətdə sistemli və ardıcıl proqramların həyata keçirilməsi üçün bir sıra fərman və sərəncamlar imzalayıb.

Prezidentin imzaladığı “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” nün artırılması haqqında Fərmanların, “Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitutsiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında Sərəncamın imzalanması, “Vətən Müharibəsi təqaüdü” nün təsis edilməsi şəhid ailələrinə və müharibə əlillərinə dövlətin dəstək və qayğısının göstəricilərindəndir.

Bu kateqoriyadan olan vətəndaşların mənzillə təmin olunması məqsədi ilə paytaxt Bakıda və Azərbaycanın digər regionlarında çoxmənzilli yaşayış binaları və fərdi yaşayaış evləri tikilib istifadəyə verilib. Fakt olaraq 2020-ci il 21 iyulda Bakı şəhər Xətai raonunda şəhid və əlill ailələrinə 62 mənzilin verilməsi, Ramanada 1512 mənzildən ibarət doqquzmərtəbəli 30 binanın tikilməsi və bu kimi bir sıra tədbirləri göstərmək olar. Bu siyasət regionlarda da öz əksini tapıb. Prezidentin fərmanlarına uyğun olaraq Lənkəran rayonunda da bu silsilədən bir sıra tədbirlər həyata keçirilib. Bunun bariz nümunəsi kimi 26 noyabr 2020-ci il Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən 10 şəhid və müharibə əlili ailələrinə yeni mənzillərin açarlarını təqdim etməsini göstərmək olar. Beləliklə, bu ilə qədər 9178 şəhid və əlil ailələri mənzillə, 7200 nəfər minik avtomobili ilə təmin edilib, bu il isə 3000 ailənin mənzil tələbatının ödənilməsi, eləcədə 150 avtomobilin verilməsi nəzərdə tutulur. Bütün bunlarla yanaşı onların sosial təminatlarını təmin etmək üçün son 3 ay ərzində 2500 dən çox insan özünəməşqulluq proqramlarına qoşulub.

Fiziki sağlamlığını itirmiş müharibə əlilərinin, qazilərin və şəhid ailələrinin reabelitasiyası ilə bağlı da bir sıra tədbirlər görülməkdədir. Bu məqsədlə iki il ərzində Azərbaycanda 11 mərkəz açılıb, hazırda bu mərkəzlərdə 30 min insan reabelitasiya olunur. Bunlarla yanaşı bu günə qədər 15 Vətən Müharibəsi əlili müasir elektron protezlərlə təmin edilib, yaralı qazilərimizin bir neçəsi müalicə kurslarını davam etdirmək üçün xarici dövlətlərə göndərilib.

Dövlət tərəfindən qarşıdakı illərdə bu sahəyə diqqət və qayğının daha da artırılması məsəlləsi əsas prioritet vəzifələrdən biri kimi göstərilir.


Açar sözlər: