16.02.2022

Azərbaycanda enerji təhlükəsizliyi uğurla təmin edilir

Azərbaycanda gündən günə inkişaf edən sahələrdən biri də enerji sahəsidir. Prezident İlham Əliyevin 11 fevral tarixində “Qobu” Enerji Qovşağının açılışı zamanı bir sıra məqamlara toxunub. Respublikanın müxtəlif regionlarında yeni-yeni enerji mənbələri salınır. Azərbaycanda enerji sahəsində böyük işlər görülüb. Nəhəng enerji obyektlərinin inşası zaman tələb edirdi. Ancaq ən qısa mümkün vaxt kəsiyində nəhəng enerji obyektlərinin inşa edilməsi Azərbaycanın güclü imkanlarından xəbər verir.

Ölkədə enerji təhlükəsizliyinin təmin olunması üçün bir sıra tədbirlər həyata keçirilir ki, bütün bu enerji qovşaqları da bu təhlükəsizliyin bir hissəsidir. Belə ki, gücü 750 meqavat olan Yaşma  yarımstansiyanın və 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji dayanıqlılığına xidmət göstərəcəkdir. Genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, mütəxəssisləri və işçi qüvvəsi iştirak ediblər.

Ötən ilin yekunlarına nəzər salsaq görərik ki, 27 milyard kilovat/saat enerji istehsal edilmişdir ki, bunun 1.6 milyardı ixrac edilmişdir. Bu isə Azərbaycan üçün rekord göstəricidir. Azərbaycan artıq çox ciddi elektrik enerjisi ixrac edən ölkədir. Həm artan daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat yeni addımların atılmasına sövq edir. Azərbaycanda öz vəsaiti hesabına inşa edilən nəhəng enerji obyektlərinin istifadəyə verilməsi ölkənin maliyyə və texniki imkanlarından xəbər verir.

Azərbaycanda iqtisadiyyat ötən il 5% artmışdır. Qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20% artmışdır. Yanvar ayının göstəricilərinə görə iqtisadi artım təxminən 6%, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9%, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24% olmuşdur. Bu isə rekord göstəricidir.

Məlum olduğu kimi Azərbaycan Gürcüstan, Türkiyə, İran və Rusiya kimi qonşularına enerji ixrac edir. Bu enerjinin ümumi tutumu 1.6 mlrd kilovat/saat təşkil edir. Neft, qaz, elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir. Bu isə müsbət bir inkişafın təzahürüdür.

Müstəqilliyimizin ilk dönəmlərində Azərbaycan özünün enerji ehtiyaclarını belə tam təmin edə bilmirdi. Ölkədə mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə vəsait yox çatışmırdı. Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Eyni zamanda təbii qazla bağlı qıtlıq var idi. Azərbaycanın  bölgələrində, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir.

Bu gün Azərbaycan özünü 100 il qazla təmin edə biləcək gücdədir. Nəzər yetirsək görərik ki, enerji növlərinə sərmayə qoyulur. Bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələri artıq görünməkdədir.

Ölkədə olan sabitlik xarici investorların buraya gəlişini və sərmayə qoyuluşunu artırır. Keçən ay enerji sahəsində ən böyük şirkətlərdən biri – “ACWA Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməli qoyulmuş 240 meqavatlıq külək elektrik stansiyası artıq gələn il istifadəyə veriləcəkdir. Bundan başqa BP, Mazdar kimi bir sıra şirkətlərlə müəyyən layihələri həyata keçirmək üçün danışıqlar aparılır.

Artan enerji ixracı ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq və əlavə valyuta qazandıracaqdır. Ölkəmiz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacaqdır.


Açar sözlər: